
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin dekabrında Sumqayıt şəhərində dini təriqətlər arasında baş vermiş silahlı münaqişə ilə əlaqədar həbs edilən şəxslərin cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Virtualaz.org saytının məhkəmədə olan əməkdaşı xəbər verir ki, məhkəmə prosesi oktyabrın 2-si saat 11-nə təyin olunub. Prosesə hakim Səbuhi Hüseynov sədrlik edir.
Təqsirləndirilən şəxslərdən Kənan Mehrəliyevin vəkili Fariz Namazlı vəsatət qaldıraraq müdafiə etdiyi şəxsin bu hadisələrlə heç bir əlaqəsinin olmadığını dedi.
Vəkil bildirdi ki, bu barədə şahid ifadələri də var və ittihamlar əsassızdır. Vəkil müdafiə etdiyi şəxs barədəki cinayət işinə xitam verilməsini xahiş etdi.
Qeyd edək ki, bu iş üzrə 17 nəfər həbs edilib. Onlardan 3-nün işinə sabah Sumqayıt Şəhər Məhkəməsində baxılacaq. Bunlar Elşən Musayev, Elnur Nəzərəliyev və Vüqar Xəlilovdur. Bu üç şəxs "xəvariclər” təriqətinə mənsubdur.
Digər təqsirləndirilən şəxslərin vəkilləri həmin üç şəxsin işinə Sumqayıt Şəhər Məhkəməsində baxılmasına etiraz etdi. Onların vəkilləri bildirdi ki, bu üç nəfər daha ağır cinayət törətdikləri halda onların işi yüngülləşdirilir.
Xəvariclər təriqətindən olan Elşən Musayev məhkəmədə dedi ki, onun vəkilə ehtiyacı yoxdur: "Mən yalnız Allah qatında mühakimə oluna bilərəm. Mənim vəkilə ehtiyacım yoxdur”.
E.Musayev üzünü məhkəmə zalında olan digər təqsirləndirilən şəxslərə tutaraq bunları dedi: "Siz öz üsulunuza görə mühakimə olundunuz və kafir olundunuz”.
Qarşı tərəfin E.Musayevə cavabı belə oldu: "Allah qatında hamımız mühakimə olunacağıq”.
Bu zaman tərəflər arsında mübahisə yarandı. Bir-birini ittiham edən tərəflər sakitləşdiriləndən sonra məhkəmə prosesi başa çatdı.
Qeyd edək ki, ötən il dekabrın 11-də Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən "Çay evi”ndə xəvariclərlə sələfi təriqətinə mənsub bir qrup şəxs arasında fikir ayrılığı zəminində münaqişə baş verib. Nəticədə şəhər sakinləri Anar Rəhimov və
Elmar Məmmədli bıçaq xəsarətləri alıblar.
Daha sonra "Çay evi”nin qarşısında davam etdirilən mübahisədə qumbara və avtomat silahdan istifadə edilib. Bu zaman hadisə iştirakçılarından Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev qəlpə yaraları alıb, avtomat silahdan atılmış güllələr yaxınlıqdakı mənzilə və hərəkətdə olan avtomobilə dəyib, xəsarət alan olmayıb.
Silahlı münaqişənin iştirakçısı olan 5 nəfər saxlanılıb. Təxirəsalınmaz tədbirlərlə daha 2 nəfər - Sumqayıt şəhər sakinləri Zaur Paşayev və Murad Məhərrəmov ölkə hüdudlarını müxtəlif istiqamətlərdən tərk etmək istəyərkən yaxalanıblar.
Keçirilmiş baxış zamanı Əhməd Salmanovun evindən 110 qram həşiş, 5 kiloqram civəyə oxşar maddə, qanunla qadağan olunmuş 44 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 30 disk, Kənan Mehrəliyevin evindən isə 1 ədəd "F-1” qumbarası, 1 qumbara alışqanı, 123 ədəd avtomat patronu, qanunla qadağan olunmuş 30 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 30 disk aşkar edilərək götürülüb.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə təqsirli bilinən 17 nəfər bəbs edilib.
Təqsirləndirilən şəxslər - Elçin Əkbərov (Sumqayıt vəhhabilərinin başçısı), Anar Mirzəyev, Zaur Paşayev, Amil Tağıyev, Elmar Məmmədli, Firudin Musayev, Elçin Mirzəyev, Cəlal Mikayılov, Kənan Mehrəliyev, Murad Məhərrəmov, Əhməd Salmanov, Anar Rəhimov, və Vüqar Abdullayevə qarşı Cinayət Məcəlləsinin 221 (xuliqanlıq), 228 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234-cü (qanunsuz olaraq narkotik vasitələr əldə etmə, daşıma, saxlama, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.
.