Bir az əvvəl Xətai Rayon Məhkəməsində nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunu xüsusi ittiham qaydasında məhkəməyə verməsi ilə bağlı proses keçirilib.
Musavat.com əməkdaşının məhkəmədən verdiyi xəbərə görə, prosesdə R.Arifoğlunun hüquqlarını vəkil Elçin Sadıqov və Vaqif Hüseyn təmsil edib.
Onlar məhkəmə heyətindən A.Məmmədovun şikayətinin təmin edilməməsini tələb ediblər.
Hər iki tərəfin nümayəndələrinin çıxışından sonra hakim Habil Məmmədov müşavirəyə gedib.
Hakim müşavirədən qayıtdıqdan sonra nəqliyyat nazirinin oğlunun şikayətinin təmin edilmədiyini bildirib. Əsas da budur ki, iddiaçı məhkəməyə göndərdiyi ərizəni özü imzalamalı olduğu halda, bir başqası imzalayıb. Bu da məhkəmə qanunvericiliyi ilə birbaşa qanun pozuntusudur.
Qeyd edək ki iddia ərizəsində A.Məmmədov R.Arifoğlunun Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə ittiham olunmasını tələb edirdi. Şikayət ərizəsinə 8 sentyabr 2014-cü il tarixində, saat 11.45-ə Xətai Rayon Məhkəməsinin hazırlıq iclasında baxılacağı nəzərdə tutulsa da, baş yazara bu barədə sənədlər sentyabrın 11-də, məhkəmədən 4 gün sonra çatdırılıb.
.