Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov, Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov, Rauf Əliyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində "İntertekstil" şirkətində mexanik köməkçi vəzifəsində işləmiş Elxan Yaqubov dindirilib.
O, istintaqa verdiyi ifadəsini təsdiqlədiyini deyib. E.Yaqubov dindirilərkən bildirib ki, şirkətdə kollektivin adından kredit götürüblər: "Şirkətdə işləyən hər kəs sənədlərə qol çəkdi. Mən də sənədləri imzaladım. Ola bilsin ki, qanunları yaxşı bilmədiyim üçün qol çəkmişəm".
Hakim qeyd edib ki, məhkəməyə gəlməyən şahidlərin barəsində məcburi qərar qəbul edilib.
Məhkəmənin növbəti iclası aprelin 20-nə təyin edilib.
.
