"Rusiyaya iş dalınca gələn miqrantlar qanun çərçivəsində fəaliyyət göstərməlidirlər”. Bunu Rusiyanın federal televiziya kanallarına müsahibəsində baş nazir Dmitri Medvedev deyib. O bildirib ki, Rusiyaya gələn əmək miqrantları özlərini normal və sivil şəkildə aparmalıdırlar: "Onlar bizim ölkədə işləmək istəyirlərsə, rus dilini öyrənməlidirlər, Rusiya adət-ənənələrini bilməlidirlər və ən əsası, qanun çərçivəsində hərəkət etməlidirlər.
Onların işləməsi üçün qanuni sənədləri olmalıdır. Bu il bütün bu sadaladıqlarıma riayət etməyən 380 min miqrant Rusiyadan deportasiya olunub”. Jurnalistin MDB ölkələrinə viza tətbiq olunub-olunmayacağı ilə bağlı sualına baş nazir belə cavab verib: "Əgər xüsusi vəziyyət olmayacaqsa, Rusiya MDB ölkələrinə viza rejimi tətbiq etməyi planlaşdırmır. Lakin Rusiyaya gəlmək istəyən MDB vətəndaşları xarici pasport və tibbi sığortaya sahib olmalıdırlar”.
Medvedev onu da bildirib ki, Rusiyada millətçi dalğanı qabardanlar ən ağır qınaq obyektinə çevrilməyə layiqdirlər: "Millətçi dalğanı qabartmaq çox pis və əxlaqsız bir şeydir: ”Bizim ölkənin şərtləri çərçivəsində isə bu, ölümcüldür. Çünki bizim ölkə çoxmillətlidir, çox konfessiyalıdır. Bizim ölkədə çoxlu sayda xalqlar yaşayır. Ona görə də, heç bir halda bu mövzunu qızışdırmaq olmaz". D.Medvedev bəyan edib ki, Rusiya bu gün əlavə əmək resursu olmadan keçinə bilməz: "Rusiya həddən artıq böyükdür və bizə əlavə əmək resursları lazımdır. Rusiya maraqlıdır ki, onun ölkəsinə işləməyə yüksək ixtisaslı kadrlar və mənzil-kommunal təsərrüfatı sahəsində və tikintidə çalışmağı bacaranlar gəlsinlər, hansı ki, bizim ölkəmizin vətəndaşları bu sahədə işləmək istəmirlər”.
.
