“Rüşvət və korrupsiya Azərbaycanın milli təhülkəsizliyinə təhdiddir və bu cür hallara qarşı mübarizə təqdir edilməlidir”. 

Bu sözləri Yenisabah.az-a Yeni Zaman Partiyasının sədri Musa Ağayev icra başçılarının həbsinə və Mədəniyyət Nazirliyində keçirilən əməliyyata münasibət bildirərkən deyib.

Partiya sədri əlavə edib ki, ölkə başçısı İlham Əliyev tərəfindən 2018-ci ildə başlanmış islahatlar 2020-ci ilin əvvəlindən daha sürətlə həyata keçirilməyə başlayıb. “Bu islahatlar ölkənin inkişafı, xalqın rifahı üçün zəruridir. Hesab edirəm ki, cəmiyyət də başlanan prosesdə fəal olmalıdır. Təbii ki, islahatlara mane olan qüvvələr də var və təəssüf ki, həmin qüvvələr elə hakimiyyət komandasında təmsil olunurlar. İslahatlar onların maraqlarına uyğun deyil. Çünki bu halda biznes imperiyalarına ciddi zərbə dəyəcək, bu günə qədər qanunsuz yollarla əldə etdiklərini itirəcəklər. 

Buna baxmayaraq Prezident İlham Əliyev ortaya siyasi iradə qoyub və həm neqativ hallara qarşı mübarizənin, həm də islahatların çevrəsi genişlənib. Artıq Dövlət Təhlükəsizlik Xidməti nazirliklər səviyyəsində əməliyyatlara başlayıb. Mədəniyyət Nazirliyinin yüksək vəzifəli şəxsləri həbs edilib. Hesab edirəm ki, bu proses davam edəcək”, - deyə partiya sədri vurğulayıb.

Musa Ağayev Mədəniyyət Nazirliyində həyata keçirilən həbslərin üzərində xüsusi dayanıb: “Mən bilmirəm Mədəniyyət Nazirliyində çalışanların bu qurum haqqında hansı təsəvvürləri var. Amma Mədəniyyət Nazirliyi sıradan bir dövlət qurumu deyil. Azərbaycanın mədəni irsi və deməli, həm də tarixi bu quruma həvalə edilib. Mədəniyyət Nazirliyi həm daxildə, həm də xaricdə Azərbaycanın sifətidir. Digər tərəfdən, bu gün Azərbaycan Ermənistanla müharibə şəaitindədir. Ermənilər həm də bizim mədəniyyətimizə təcavüz ediblər. Belə bir şəraitdə Mədəniyyət Nazirliyinin korrupsiya yuvasına dönməsi əlbəttə ki, qəbuledilən deyil. Bu baxımdan, orada aparılan əməliyyata cəmiyyət də, müxalifət də dəstək verməlidir. Ümumiyyətlə, hesab edirəm ki, müxalifət müsbət işləri təqdir etməlidir. Biz ölkədə demokratiyanın bərqərar olunmasını, rüşvət və korrupsiyaya, məmur özbaşınalığına son qoyulmasını istəmirikmi? Əlbəttə istəyirik. Bu da islahatlardan və prosesə mane olan qüvvələrin zərərsizləşdirilməsindən keçir ki, bu gün ölkə başçısının rəhbərliyi altında bu proses baş verir”.

.