Müstəqil Dövlətlər Birliyinin (MDB) Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində müşahidə missiyasına MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedevin rəhbərlik etməsi təklif olunub.
MDB müşahidə missiyası qərargahının rəhbəri Yevgeni Slobodanın "Report"a verdiyi məlumata görə, bu barədə MDB ölkələrinin daimi səlahiyyətli nümayəndələri Şurasında müzakirə aparılıb.
"Missiyasının rəhbəri kimi İcraiyyə Komitəsinin sədri Sergey Lebedevin tövsiyə olunmasını təklif etdik", - Y.Sloboda bildirib.
O vurğulayıb ki, Birlik ölkələrinə, Belarus-Rusiya İttifaqının parlament assambleyasına MDB-nin müşahidə missiyasına namizədlərini irəli sürmələri üçün müraciətlər göndərilib.
Y.Sloboda bildirib ki, MDB Azərbaycanda keçiriləcək seçkilər üçün uzunmüddətli və qısamüddətli müşahidə missiyası təşkil edəcək. "Bakıya martın 20-də gələcəyik. Missiyamız tam - həm uzunmüddətli, həm də qısamüddətli işləyəcək".
Xatırladaq ki, Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri aprelin 11-də baş tutacaq.
.
