Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Masallı rayonu, Qızılağac kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin tərəfindən bir-birinə bitişik tikilən fərdi yaşayış evlərində baş vermiş yanğın söndürülüb.
Yanğın nəticəsində bir-birinə bitişik taxta konstruksiyalardan ibarət ümumi sahəsi 50kv.m. olan birmərtəbəli birotaqlı evin və ümumi sahəsi 75kv.m. olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın yerinin müayinəsi zamanı 1967-ci il təvəllüdlü Abdullayev Cəmallədin Həsənağa oğlunun və 2024-ci il təvəllüdlü Məmmədzadə Məhərrəm Mehman oğlunun meyiti aşkar edilib.
Yaxınlıqda yerləşən digər tikililər yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
.
