IV Qlobal Bakı Forum çərçivəsində "Dünyanın bu günü və bizim sabah üçün hansı ehtiyaclarımız var?” mövzusunda sessiya keçirilir.
APA-nın məlumatına görə, sessiyada çıxış edən Gürcüstan prezidenti Georgi Marqvelaşvili bildirib ki, ölkəsi Rusiya kimi böyük qonşusunun işğalı ilə üzləşib. O qeyd edib ki, Gürcüstanın müttəfiqləri regionda olan vəziyyəti ciddi şəkildə təhlil etmirlər: "Bu, bizi narahat edir. Gürcüstan dostlarının sayını artırmağa çalışır. Biz bütün qonşularımıza rasional mesajlar verməyə çalışırıq. Regionda qeyri-sabitlik heç bir ölkəyə, o cümlədən Rusiyaya xeyir gətirməyəcək. Çətin də olsa, prosesin müsbət istiqamətdə gedəcəyinə inanırıq”.
Monteneqro prezidenti Filip Vujanoviç forumun yüksək səviyyədə təşkili üçün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkür edib: "Nizami Gəncəvinin humanist mesajları bütün zamanlar üçün aktualdır. Əsrlər boyunca dindən sui-istifadə edilib. Bütün dinlər insanları mərhəmətə çağırır. Ona görə də tolerantlığın inkişaf etdirilməsi vacibdir”.
Makedoniya prezidenti George İvanov deyib ki, bu gün sosial şəbəkələr və digər innovasiyalar inkişaf edir: "Beynəlxalq təşkilatların tək sənədlər qəbul etməsi ilə problemlərin qarşısını almaq olmaz. Cahillik radikallığa yol açır. Biz bir-birimizi daha çox tanımağa çalışmalıyıq. Balkanlar, Orta Şərq və Qafqazda baş verən münaqişələrə baxsaq, bunu Bermud üçbucağı adlandırmaq olar”.
Makedoniya prezidenti qeyd edib ki, insanların şüurunda sülh yaratmaq lazımdır.
.