İranla "altılar” qrupu arasında əldə edilən nüvə razılaşması yaxın dəqiqələrdə beynəlxalq ictimaiyyətə təqdim ediləcək.
Sazişi İran xarici işlər naziri Cavad Zərif və Avropa İttifaqının xarici siyasət komissarı Federiko Moqerini təqdim edəcək.
BMT-nin Vyanadakı ofisində danışıqlar iştirakçısı olan nazirlər mətbuat qarşısına çıxıblar və əldə olunmuş nəticə "tarixi hadisə” adlandırılıb. "İranla "altılar” arasında çoxillik danışıqlar marafonu nəhayət yekunlaşdı”- Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə bildirib.
Lavrov deyib ki, İrana dair bəzi birtərəfli sanksiyalar dərhal qüvvədən düşür. BMT Təhlükəsizlik Şurası tərəfindən tətbiq edilmiş sanksiyaların ləğvinə dair qətnamə isə artıq hazırdır və baxılmaq üçün göndərilib. Bu qətnaməyə dair səsvermə yaxın günlərdə olacaq. Lavrovrazılaşmanın Rusiyanın xarici siyasətinə uyğun olduğunu bildirib.
"İranın nüvə proqramlarına dair razılaşma beynəlxalq münasibətlərdə yeni səhifə açır”-bunu Avropa İttifaqının xarici siyasət komissarı Federiko Moqerini bildirib. Jurnalistlər qeyd edirlər ki, nazirlər sazişi paraflamaq üçün bu gün səhər saatlarında sonuncu dəfə danışıqlar masası arxasına keçiblər və danışıqlar başa çatanda onların hamısının sifətində məmnunluq ifadəsi var idi. "Kim daha xoşbəxtdir”-jurnalistlər eyhamla onlardan soruşublar. "Yəqin ki, ən çox jurnalistlər”-Moqerini gülərək onlara diplomatik cavab verib.
Rusiya prezidenti Vladimir Putin də Vyanada əldə edilmiş razılaşmanı alqışlayıb. "Əminəm ki, dünya bu gün rahat nəfəs aldı”-Putin bildirib..