"Mərkəzi Bank manatın ucuzlaşmasına start verdi”. Iqtisadçılar Mərkəzi Bankın manatın məzənnəsi ilə bağlı məlumatını bir cümlədə belə şərh edirlər. Fevralın 16-dan Mərkəzi Bankın Idarə Heyəti məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərar qəbul edib.
Bu o deməkdir ki, əvvəllər valyuta səbəti 90/10 nisbətində dollar və avrodan formalışırdı. Indi avronun payı təxminən 20-30 faiz civarında olacaq ("Azadlıq” radiosu).
Bir günə 0,05 faiz ucuzlaşma
Dünya Bazarında ötən ilin avqustundan neftin qiyməti uculaşamağa başlayıb. Neftin ucuzlaşması fonunda dolların dəyəri artıb. Rubl, avro və digər valyutalar kəskin ucuzlaşsa da, Azərbaycanın Mərkəzi Bankı ötən 7 ayda manatı sabit saxlaya bilirdi.
Təkcə ötən iki ayda Mərkəzi Bank manatın saxlanmasına 2,3 milyard dollar xərcləyib. Bu 13 milyardlıq Mərkəzi Bankın ümumi ehtiyatının 15 faizi qədərdir.
Mərkəzi Bankın bu qərarından cəmi bir neçə saat sonra valyutadəyişmə məntəqələrində manat dollara nəzərən 0,05 faiz ucuzlaşıb. Mərkəzi Bankın saytında fevralın 16-da 1 dollar 0,7844 AZN idisə, indi 0,7848 AZN-dir. Şəhərdəki bəzi valyutadəyişmə məntəqələrində isə 0,7868-dir. Amma valyutanın kursu valyutadəyişmə məntəqələrinin tablolarında yazılsa da, gün ərzində bir neçə məntəqədə dollar satılmayıb.
Manatın ucuzlaşmasından kim itirir, kim qazanır?
Əvvəllər, tutalım, müəllimin 160 manat aylıq maaşı azı 200 dollar edirdi. Manat ucuzlaşandan sonra bu, təxminən 150 dollar, bəlkə də daha az olacaq. Əvvəllər azərbaycanlı alıcı idxal olunan, tutalım, 3 dollarlıq məhsulu hardasa 2,5 manat alardısa, manat ucuzlaşandan sonra 3 manata alacaq. Bu da bahalaşma deməkdir.
Rus rublunun dollara nisbətən ucuzlaşmasından sonra Rusiya ərzaq bazarında 15-20 faiz bahalanma müşahidə olunub. Rus rublundan söz düşmüşkən. Manatın uculaşmasından, özəlliklə, ailəsinə Rusiyadan pul göndərənlər qazanacaq. Rubl dollara nisbət uculaşırdı, amma manat sabit qalırdı deyə əldə olunan vəsait az olurdu. Manat da ucuzlaşandan sonra Rusiyadan göndərilən pullarla dolanan ailələrin vəziyyəti nisbətən düzələcək. Təbii ki, burada həm rubl, həm manat dollardan asılı olduğundan o qədər də ciddi fərq olmayacaq.
Manat yavaş-yavaş ucuzlaşacaq
Iqtisadçı Məhəmməd Talıblı isə hesab edir ki, dövlət manatın sabit həddə saxlanmasında maraqlıdır. Bu başadüşüləndir. Çünki, hökumət hər ilə 1 milyard manatdan artıq vəsaitin valyutanın sabit və dönərliliyinin təmin edilməsi məqsədilə xərclənməsinin nəticə baxımından hansı fəsadlara gətirib çıxarmasını başa düşür. Son 2 ayda isə devalvasiya əməliyyatına 2,3 milyard manat xərclənməsinə isə nəinki uzun müddət, hətta bir neçə ay dözmək belə çətindir. M.Talıblının fikrincə, manatın məzənnəsinin bu cür saxlanmasına valyuta ehtiyatlarımız tab gətirə bilməz. Ona görə indiki bivalyuta sistemindəki dollar-avro proprosiyasına keçid edildi: "Çünki, milli valyuta sabit və pul-kredit bazarı sərt konyunkturadan çox asılıdırsa, onda əhalinin pul gəlirləri artsa belə bu həm devalvasiyanın, həm də inflyasiyanın yeminə çevriləcək. Sadəcə milli valyutanın dəyərdə saxlanması üçün həmin pulu sosial layihələrə xərcləmək lazım deyil. Sabit valyuta rejimi yaratmaqla, sosial xərcləri artırmaq kimi paralel addımları sinxron aparmalıyıq”.
M.Talıblının sözlərinə görə, manatın düşüşü bank əmanətlərindən və kreditlərdən də yan keçməyəcək. Yaxın günlərdən başalayaraq manatla yığımların azalacağını, dollarla əmanətlərin həcminin isə artacağını deyən M.Talıblı vurğuladı ki, banklar isə kreditləri daha çox dollarla verməyə üstünlük verəcək: "Manat kütləsi isə bazarda dollara nisbətdə üstünlük təşkil edəcək. Ona görə bazarda daha çox dollar qıtlığının yaranmasını müşahidə edəcəyik. Milli valyutamız olan manatın dəyərinin saxlanması üçün devalvasiya əməliyyatına daha çox pul xərcləmək sonda onunla nəticələnəcək ki, strateji valyuta ehtiyatlarımız buna dözə bilməyəcək. Manatın saxlanması üçün yumşaq məzənnə siyasəti yenə də təzyiq altında qalmaqda davam edəcək. Bu həm də o deməkdir ki, valyuta bazarında ABŞ dollarına tələb artacaq. Bütün bunlara görə MB-in monetar siyasətini effektsiz hesab etmək doğru yanaşma sayıla bilməz. Çünki, valyuta ölkənin sosial-iqtisadi vəziyyətinin əsas barometridir. Iqtisadiyyatın müxtəlif sektorları arasında əlaqə necədirsə, makroiqtisadi tarazlıq nə dərəcədə müvazinətlidirsə, milli valyutada həmin vəziyyətin diaqnozunu özünün dəyərində və ya dəyərsizliyində göstərir. Sadəcə monetar alətlərdən istifadənin çevikliyi bu prosesi qismən ya sürətləndirə, yaxud tormozlaya bilər. Nəticədə iqtisadiyyatın keyfiyyəti və idarəedilmə xüsusiyyətləri özünü hansısa formada təzahür etdirəcək”.
Panika məzənnəyə necə təsir edəcək?
Manatın düşməsi ilə əlaqədar olaraq əhali arasında panikanın yaşanmasının milli valyutanın kursuna necə təsir göstərəcəyinə gəlincə, M.Talıblının bildirdi ki, yumşaq məzənnə siyasətinin nəticəsində yaxın aylarda manata məcmu tələb azalacaq. Bu isə milli valyutaya olan inamla bağlı olacaq. Artıq banklarda dollarla əməliyyatlar daha çox təşviq olunacaq: "Mərkəzi Bank manatla bağlı valyuta səbətində nisbəti dəyişməsi və ya yumşaq valyuta siyasəti manata yaxın aylarda təsirini göstərəcək. Bu monetar addımın nəticəsində manata inamı qismən azalacaq. Manatla əməliyyatlar məhdudlaşacaq və daha çox ABŞ dolları əməliyyatlarının həcmi artacaq. Xüsusilə daşınmaz əmlak və avtomobillərin də alğı-satqısının dollarla aparılmasına maraq artacaq. Çünki, bank sektoru ilə əlaqəli işləyən qurumlar da başa düşür ki, MB-nin bu addımı manata azalmaqda olan marağı artırmaq və manat üçün xərclənəcək vəsaitləri azaltmaq məqsədilə edilir. Amma nəticədə əks-proses güclənəcək. Dollara tələb artacaq, manata isə tələb azalacaq. Bu prosesi isə neftin qiymət düşüklüyü daha da sürətləndirəcək. Neftin qalxması isə bu nisbəti qismən tormozlayacaq və normal məcrada saxlayacaq”. .
