Buşehr atom elektrik stansiyası (AES) rus mütəxəssislərinin iştirakı ilə fəaliyyətini davam etdirir.
Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
"Buşehr AES iranlı mütəxəssislərin səyləri və həmçinin bir qisminin hələ də iştirak etdiyi rus ekspertlərin əməkdaşlığı ilə fəaliyyət göstərir", - məlumatda bildirilib və əlavə olunub ki, rusiyalı həmkarlarla əvvəlcədən konkret müqavilələr hazırlanıb:
"Bu müharibədən çox əvvəl imzalanmış müqavilələrin bu savaşa heç bir aidiyyəti yoxdur. Onlar hazırda icra olunur. Bu o demək deyil ki, Rusiya xüsusilə bu müharibədə hərbi dəstək verir".
Qeyd edək ki, İran və Rusiya Federasiyası arasında dinc məqsədli nüvə əməkdaşlığı iki ölkə arasındakı strateji tərəfdaşlıq müqaviləsi əsasında 20 illik perspektivə malikdir və Hörmüzqan AES, eləcə də kiçik elektrik stansiyaları ilə bağlı razılaşmalar uzunmüddətli çərçivədə nəzərdən keçirilir.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İranın nüvə obyektləri də atəşə məruz qalıb. Tehran bununla bağlı BMT-yə məktub ünvanlayıb və təşkilatı fəaliyyətsizliklə günahlandırıb.
.
