“Hansı sahədə və zəmanətlər necə verilə bilər? Dünyada qiymətlərin dəyişməsinə kimsə zəmanət verə bilər?”

Bunu maliyyə naziri Samir Şərifov gələn il enerji və kommunal tariflərin dəyişməyəcəyinə hökumətin zəmanət verib-verə bilməyəcəyi ilə bağlı deputatların ünvanladığı sualla əlaqədar bildirib.

Maliyyə naziri deyib ki, bu gün Azərbaycana bir sıra məhsullar idxal olunur: “O qiymətlərin formalaşmasında Azərbaycan hökuməti hər hansı formada iştirak edə bilir? Kommunal sahədə də idxal olunan hansısa məhsullar var. Fərz edən ki, quyuların qazılması üçün mallar idxal olunur. Bunların qiymətinin dəyişməsi istər-istəməz maya dəyərinin dəyişməsinə təsir göstərir. Maya dəyəri dəyişirsə, yəqin ki, o məhsulu satan təşkilat bunu satdığı məhsulun qiymətində əks etdirməlidir”.

Neftin qiyməti dünyada ucuzlaşan zaman Azərbaycanda benzin, dizel və digər məhsulların qiymətinin nə üçün bir dəfə belə enməməsinə, ancaq neft bahalaşanda bu məhsulların qiymətinin artmasına gəlincə, S. Şərifov qeyd edib ki, ilkin mərhələdə neftin qiyməti o qədər aşağı səviyyədə tutulub ki, ucuzlaşanda da bunu ucuzlaşdırmırdılar: “Amma hazırda yenə də bu sahədə bizdə olan qiymətlər dünyada olan qiymətlərdən xeyli aşağıdır. Məsələn, qazın qiyməti dünyada, Avropada necədir? Bizdən 5-7 dəfə yüksəkdir. Amma Azərbaycan dövləti qazın qiymətinin kəskin şəkildə artırılmasına imkan vermir. Çalışır ki, imkan daxilində bu qiymətləri yumşaltsın. Lakin iqtisadiyyatın reallıqları var. Boru xaricdən gətirilirsə, borunun qiyməti artırılırsa, istifadə edilən hansısa kimyəvi maddələrin qiyməti artırsa, bu da maya dəyərinə təsir göstərir”.

.