Fransa Prezidenti Emmanuel Makron Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını soyqırımı adlandırmaqdan imtina edib.
CNN-in xəbərinə görə, Fransanın ictimai telekanalı “France 2”yə müsahibəsində Makrondan ABŞ Prezidenti Co Bayden kimi Rusiya hərbçilərinin Ukraynadakı fəaliyyəti ilə bağlı soyqırımı ifadəsini işlədib-işlətməyəcəyi soruşulub.
“Mən bu cür terminlərlə bağlı diqqətli olardım, çünki bu iki xalq qardaşdır”, - deyə Makron bildirib.
O bacardığı qədər müharibənin dayandırılması və sülh inşasına çalışdığını vurğulayıb:
“Mən ritorikanın eskalasiyasının bu məqsədə xidmət etdiyinə əmin deyiləm”.
Makron Ukraynadakı vəziyyətin və müharibə cinayətlərinin əminliklə qəbuledilməz olduğunu vurğulayıb:
“Rusiya bu son dərəcə qəddar müharibəyə birtərəfli şəkildə başlayıb, indi Rusiya ordusunun müharibə cinayətləri törətdiyi müəyyən edilib və biz məsuliyyət daşıyanları tapmalıyıq”.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden ötən gün Ukraynadakı vəziyyəti soyqırımı adlandırıb və Rusiya Prezidenti Vladimir Putinin məqsədinin ukraynalı anlayışını silməyə çalışmaq olduğunu deyib. Böyük Britaniya Baş naziri Boris Conson və Polşa Prezidenti Anjey Duda da Rusiyanın Ukraynadakı fəaliyyətini “soyqırımı” adlandırıb.
.
