
Avropa İttifaqı ilə münasibətlərdən Gürcüstana qarşı alət kimi istifadə etmək cəhdləri açıq görünür.
Bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Avropa İttifaqının (Aİ) Tbilisidəki səfirinin son bəyanatını şərh edərkən bildirib.
O deyib ki, bəzi dairələr Aİ ilə münasibətlərdən Gürcüstana qarşı siyasi təzyiq aləti kimi istifadə etmək üçün heç bir səyi əsirgəmir.
Nazirin sözlərinə görə, Avrointeqrasiya təkcə Gürcüstanın xarici siyasət prioriteti deyil, həm də xalqın Avropa ailəsinə qoşulmaqla bağlı tarixi və milli istəyidir:
“Aİ-yə üzv dövlətlər arasında da bu məsələ ilə bağlı yekdil fikir yoxdur. Bu, təkcə Gürcüstanda deyil, Aİ daxilində də müzakirə mövzusudur. Sağlam yanaşmalar var, lakin təəssüf ki, bu yanaşmalar bəzən dezinformasiya və Gürcüstanın imicinə zərər vuran bəyanatlarla kölgədə qalır”.
Boçorişvili əlavə edib ki, Gürcüstan Aİ-nin əsasını təşkil edən dəyərlərə sadiqliyini dəfələrlə sübut edib və bu sadiqlik təkcə bəyanatlarla deyil, konkret fəaliyyətlərlə özünü göstərib:
“Gürcüstan hər zaman Avropanın bir hissəsi olub və müasir Avropa dəyərlərinin fəal müdafiəçisidir. Bizim regionda Qərb dövlətlərinin etibarlı tərəfdaşı olduğumuz dəfələrlə sübut olunub. Bu münasibətlər qarşılıqlı hörmətə əsaslanmalıdır. Gürcüstan bu münasibətləri təkbaşına qoruya bilməz – biz avropalı tərəfdaşlarımızdan da eyni anlayış və səmimiyyət gözləyirik,” – nazir vurğulayıb.
.