“Cənab Prezident, bildiyiniz kimi, bizim mövqeyimiz hər zaman ondan ibarət olub ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi bərpa olunmalıdır”.

Bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə deyib.

Nazir bildirib ki, son bir neçə onillik ərzində Azərbaycanın bu hüququ pozulmuşdu və biz bununla bağlı mövqeyini gizlətməyən ölkələrdən olmuşu: “Biz bu məsələ ilə bağlı mövqeyimizi aydın ifadə etməkdə davam edəcəyik. Cənab Prezident, əmin ola bilərsiniz ki, biz bu baxımdan hər zaman balanslı yanaşma nümayiş etdirəcək, həqiqəti söyləyəcək və mövqeyimizi açıq ifadə edəcəyik”.

XİN başçısı: “Hökumət macar şirkətlərinin Qarabağda fəaliyyətini dəstəkləyir”

“Səfərimin məqsədlərindən biri macar şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində fəaliyyətə cəlb etməkdir”.

Bunu bu gün xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto bildirib.

“İnanırıq ki, regionda sülh və inkişaf bərqərar olacaq. Məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdır. Macarıstan hökuməti macar şirkətlərinin Dağlıq Qarabağ regionunda fəaliyyətini dəstəkləyir və bunun üçün də maliyyə ayırıb”, - deyə nazir vurğulayıb.

Macarıstan xarici işlər və ticarət  naziri bildirib ki, Macarıstan şirkətlərinə 100 milyon dollar ayrılıb və bu şirkətlərə yenə vəsait ayrılması nəzərdə tutulur.

Nazir: “Azərbaycanla Macarıstan arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanıb”

“Macarıstanın 2010-cu ildə Azərbaycanda səfirliyi açılıb və həmin vaxtdan intensiv əməkdaşlıq həyata keçirilib”.

Bunu bu gün xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto bildirib.

P. Siyarto deyib ki, iki ölkə arasında siyasi münasibətlər qarşılıqlı hörmətə əsaslanıb: “Heç vaxt bir-birimizin daxili işlərinə qarışmamışıq. Ölkələrimiz arasında açıq qalan siyasi məsələ mövcud deyil. Bu, bizə iqtisadi və biznes sahəsində əməkdaşlığımızı inkişaf etdirməyə imkan verib. Ədalətli və düzgün siyasi əməkdaşlıq nəticəsində Macarıstan iqtisadiyyatı da faydalar əldə edib. Macarıstanın “Hell” şirkəti energetik içkilər sahəsində Azərbaycanda liderə çevrilib. Macarıstandan Azərbaycana idxal olunan malların yarısını əczaçılıq malları təşkil edir”.

Macarıstan xarici işlər və ticarət naziri bildirib ki, Macarıstan şirkətlərindən biri də boru sahəsində Azərbaycanda əməkdaşlıq edir: “Macarıstanla Azərbaycan arasında hava əlaqəsini də bərpa etməyi düşünürük”.

.