
Macarıstanın Baş naziri Viktor Orban Rusiyanın enerji resurslarından imtina etdikdən sonra Avropa İttifaqının dəqiq iqtisadi strategiyasının olmaması ilə bağlı kəskin tənqidi fikirlər səsləndirib.
O, bunu amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.
Orbanın fikrincə, Aİ-nin əvvəlki iqtisadi uğuru, əsasən, Almaniya iqtisadiyyatının çiçəklənməsi ilə bağlı olub:
“Bu, Avropaya qlobal bazarda yüksək rəqabət qabiliyyətini təmin edib. Lakin Ukraynada müharibənin başlaması və ardınca Rusiyanın enerji embarqosu ilə bu model itirilib. Aİ alternativ strategiyasız qalıb”, - Orban bildirib.
O, Avropa iqtisadiyyatının gələcəyi ilə bağlı dəqiq təsəvvürün olmamasının və yeni reallıqlara uyğunlaşa bilməməsinin birliyin bütün ölkələri üçün ciddi təhlükə yaratdığını, həm Almaniyada, həm də Macarıstanda iqtisadi problemlərə səbəb olduğunu vurğulayıb.
Macarıstanın Baş naziri, həmçinin qeyd edib ki, Ukrayna üzrə sülh razılaşması əldə olunarsa, Rusiya dünya iqtisadiyyatına və Avropanın enerji sisteminə reinteqrasiya ediləcək.
Qeyd edək ki, bundan əvvəl Orban Aİ liderlərini “qorxaq dovşanlar” adlandırıb.
.