Macarıstanın hakim Tisza Partiyası ölkənin keçmiş Ali Məhkəmə sədri Andras Bakanı prezidentliyə namizəd irəli sürüb.
Al Jazeera - nın xəbərinə görə, namizədliyi Baş nazir Peter Magyar açıqlayıb. Partiyanın parlament qrupu Baka ilə bağlı qərarı gizli səsvermə yolu ilə qəbul edib.
73 yaşlı Andras Bakanın parlamentdə keçiriləcək səsvermə nəticəsində prezident seçiləcəyi gözlənilir. Hakim Tisza Partiyası parlamentdə konstitusion çoxluğa malikdir. Müxalifətdə olan Fidesz isə səsverməni boykot edəcəyini açıqlayıb.
Andras Baka daha əvvəl Avropa İnsan Hüquqları Məhkəməsində hakim kimi fəaliyyət göstərib. O, 2009-cu ildə Macarıstan Ali Məhkəməsinin sədri seçilib. Baka Viktor Orban hökumətinin məhkəmə sistemində həyata keçirdiyi dəyişiklikləri açıq şəkildə tənqid etdikdən sonra 2012-ci ildə vəzifəsindən uzaqlaşdırılıb.
Sonradan Avropa İnsan Hüquqları Məhkəməsi Bakanın vəzifədən uzaqlaşdırılması zamanı onun ədalətli məhkəmə araşdırması və ifadə azadlığı hüquqlarının pozulduğu qənaətinə gəlib.
Macarıstanda prezident postu əsasən simvolik xarakter daşıyır. Dövlət başçısının qanunlara veto qoymaq və ya onları yenidən baxılması üçün aidiyyəti qurumlara göndərmək imkanları olsa da, səlahiyyətləri məhduddur.
Bakanın namizədliyinin irəli sürülməsi Tisza Partiyasının Viktor Orban dövründən qalan siyasi təsirləri dövlət institutlarından azaltmaq istiqamətində atdığı növbəti addım kimi qiymətləndirilir.
.
