Macarıstanın "KESZ" tikinti holdinqi Cəbrayıl rayonunun Soltanlı kəndində təmənnasız olaraq məktəb inşa edəcək.
Bu barədə holdinqin baş direktoru İzko Otto Soltanlı kəndinin təməlqoyma mərasimində deyib.
Ottonun sözlərinə görə, məktəb Macarıstan hökuməti tərəfindən Azərbaycana hədiyyə olaraq inşa ediləcək. O bu təşəbbüsün iki ölkə arasında dostluq əlaqələrini möhkəmləndirmək məqsədi daşıdığını əlavə edib, həmçinin beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Baş direktor "KESZ" şirkətinin kənddə təkcə məktəbin deyil, həm də digər binaların tikintisinə aktiv şəkildə cəlb olunduğunu və bunun regionun sosial-iqtisadi inkişafına imkan yaratdığını, eləcə də yerli cəmiyyəti dəstəklədiyini qeyd edib.
Qeyd edək ki, noyabrın 24-də işğaldan azad olunmuş Cəbrayıl rayonunun Soltanlı kəndinin təməlqoyma mərasimi keçirilib.
Tədbirdə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və Soltanlı kəndinin sakinləri iştirak ediblər.
.