
Macarıstan şirkətləri Azərbaycanla strateji tərəfdaşlıq sayəsində əhəmiyyətli həcmdə neft-qaz ehtiyatlarının sahibinə çevrilirlər.
Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Budapeştdə Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbanla danışıqlarının yekunları üzrə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Azərbaycanla strateji tərəfdaşlığımız sayəsində Macarıstanın ən böyük enerji şirkətləri indi Azərbaycanın təbii qaz və neft yataqlarında paylara sahibdirlər. Bu, onlara dünya bazarına təkcə alıcı kimi deyil, həm də əhəmiyyətli həcmdə enerji sahibi kimi çıxış etmək imkanı verir", - paylaşımda qeyd edilib.
Qeyd edək ki, Prezident İlham Əliyev bu gün Viktor Orbanla danışıqlardan sonra bildirib ki, iki ölkə energetika sahəsində uğurlu əməkdaşlıq edir və Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında pay sahibidir. Dövlət başçısı gələn ilin əvvəlində növbəti müqavilənin imzalanacağını deyib. Prezident bildirib ki, Azərbaycanın quru neft yatağında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Dövlət başçısı vurğulayıb ki, Macarıstan ehtiyacı olan qədər qazla təmin edilə bilər.
.