Quba və Qusar sakinləri - Feyruz Şirəliyev və Ziyadxan İbrahimov "Yeni Müsavat”a şikayət məktubu ilə müraciət ediblər.
Şikayətçilər qeyd edirlər ki, 8-ci kilometr bazarı yaxınlığında, "LOTOS” ticarət mərkəzi ilə üzbəüz tikintidə fəhlə işləyirlər. Onların sözlərinə görə ay yarımdır ki, əməkhaqlarını ala bilmirlər. Tikinti rəhbərinin F.Şirəliyevə 330 manat, Z.İbrahimova 340 manat borcu var.
Fəhlələr qeyd edirlər ki, Nizami Rayon Polis İdarəsinin 24-cü bölməsinə də şikayət ediblər. Polisdən onlara məhkəməyə müraciət etmələri məsləhət görülüb.
Fəhlələrin dediklərinə görə, onlar ay yarımdır ki, işsizdirlər, kirayə borcunu belə ödəyə bilmirlər: "Artıq ay yarımdır ki, bu tikintidə işləyirik. Bu müddət ərzində olan maaşımızı vermirlər. Fəhləyik, ailəmiz var, dolanışıq çox çətindir. Özümüz də kirayədə yaşayırıq. Kirayə haqqını belə verə bilmirik. Bu qədər haqsızlıq olmaz, axı... İşləmişik, gətirin bizə olan borcunuzu verin. Fəhləyik deyə, bizi işlədib, borcunuzu verməmək nə deməkdir. Biz sizin qəzet vasitəsi ilə həmin tikinti rəhbərinə səslənirik, borcumuzu qaytarın. Çox çətin vəziyyətdəyik”.
Onlar iş icraçıları Altay və Əziz adlı şəxslərə maaşla bağlı müraciət etsələr də, heç bir reaksiya gəlmədiyini deyirlər.
Qəzet bu şikayətlə bağlı iş icraçısı Altay müəllimlə əlaqə saxlayıb. O, bildirib ki, təkcə bu fəhlələr yox, ümumiyyətlə bu tikintidə işləyən işçilər bir aydır ki, maaş ala bilmirlər. İş icraçısı əmin edib ki, baş ofisdən əməkhaqları göndəriləcək və bu həftə ərzində fəhlələrin maaşı veriləcək.
.
