Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşdə Berlinlə Varşava arasında Rusiya müxalifətinin liderlərindən olan Aleksey Navalnı haqqında danışığın ələ keçirildiyini bildirib.

RİA Novosti agentliyi verdiyi məlumata görə, A. Lukaşenko deyib ki, Almaniya kansleri Angela Merkelin Aleksey Navalnının kimlərsə tərəfindən zəhərlənməsinə dair bəyanatı quramadır: "Danışığı bizim radioelektron hərbi kəşfiyyat ələ keçirib".

A. Lukaşenko “bunun qurama olduğunu aydın sübut edən həmin maraqlı söhbət”in səs yazısını Rusiya tərəfinə təqdim edəcəklərini bildirib.

“Navalnının heç bir zəhərlənməsi olmayıb. Mən belə başa düşürəm ki, mütəxəssislərdən ibarət qrup Merkel, onun administrasiyası üçün faktlar, ola bilsin bəyanat hazırlayıb, hansını ki, o səsləndirib. Bunu ona görə ediblər ki, Putini Belarus məsələsinə qarışmaqdan çəkindirsinlər. Biz səs yazısını Moskvaya göndərəcəyik ki, bunun kimə lazım olduğunu aydınlaşdırsınlar”, - deyə Belarus lideri qeyd edib.

Qeyd edək ki, Almaniya hökuməti Berlində müalicə olunan A. Navalnıdan götürülmüş analizlər nəticəsində onun “Noviçok” qrupuna aid sinir iflicedici maddədən zəhərləndiyinin üzə çıxarıldığını bəyan edib.

Almaniya hökumətinin bu bəyanatından sonra dünyanın əksər ölkələri və liderləri A. Navalnının zəhərlənməsinə görə Rusiyadan izahat tələb edir.

Xatırladaq ki, Rusiya müxalifətinin liderlərindən biri, “Gələcəyin Rusiyası” partiyasının sədri Aleksey Navalnı avqustun 20-də təyyarə ilə Tomskdan Moskvaya uçarkən qəfildən halı pisləşib və təyyarə Omskda təcili eniş edib. O, zəhərlənmə şübhəsi ilə Omskda xəstəxanaya yerləşdirildikdən bir neçə gün sonra Berlinin "Charite" klinikasına aparılıb.

Lukaşenko Polşa, Çexiya, Litva və Ukraynanı Belarusun daxili işlərinə müdaxilədə günahlandırıb

Belarus Prezidenti Aleksandr Lukaşenko Polşa, Çexiya, Litva və Ukraynanı ölkəsinin daxili işlərinə müdaxilə etməkdə günahlandırıb.

“Belta” verdiyi xəbərə görə, A. Lukaşenko bildirib ki, xarici müdaxilə və xaricdən idarə olunan etiraz aksiyaları ölkənin daxili işlərinə təsir edir: “Bizi daha çox narahat edən təsir isə Polşa, Çexiya, Litva və Ukraynadan gəlir. Dünən Rusiya Xarici İşlər naziri Sergey Lavrovun bəyanatını eşitdiniz, bilirsiniz, o, bu məsələdə çox açıq və təmkinlidir. O, sərhəddə nə baş verdiyini söylədi. Biz Belarusla bağlı istənilən mənfi jestə reaksiya veririk. Bizim üçün ən vacib olan Minskdə hər cür alovlanmanın başlamasının qarşısını almaqdır. Çünki hər zaman belə olur: paytaxtdan başlayır və bütün ölkəyə yayılır".

Belarus-Polşa münasibətlərini şərh edən Aleksandr Lukaşenko Belarusda polşalıların yaşadığını deyib: “Bunlar bizim Belarus polyaklardır. Lukaşenkonun hakimiyyəti altında 25 il boyunca onlarla sülh və barışıq içində yaşamışıq və heç vaxt problem olmayıb. Lakin Qrodnoda eyvanlarda Polşa bayraqlarını asılmasına və Belarusun dağılması ilə Qrodno vilayətinin Polşaya birləşəcəyinin açıq şəkildə elan edilməsinə əsla dözməyəcəyik".

Belarus Prezidenti, həmçinin, Litvanın Belarusun problemlərini deyil, öz məsələlərini həll etməli olduğunu bildirib və Minskin Vilnüsə xoş münasibət bəslədiyini əlavə edib.

"Artıq bu barədə demişəm: Sovet dövründə təxminən sizin 4 milyon və ya daha çox əhaliniz var idi. Niyə indi Litva kimi inkişaf etmiş, islahat aparılmış bir ölkədə əhali qalmayıb? Düşünürəm ki, həll edilməsi lazım olan bir çox problem var. Sizinlə dostca davranan qonşuların problemləri ilə məşğul olmağa ehtiyac yoxdur", - deyə A. Lukaşenko vurğulayıb.
 

.