Qazaxıstan Prezidenti Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb
Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
Hörmətli İlham Heydər oğlu.
Ad gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Əminəm ki, Sizin həyat təcrübəniz və peşəkarlığınız bundan sonra da Azərbaycanın sabit inkişafına və rifahına xidmət edəcək.
Ümidvaram ki, Qazaxıstan ilə Azərbaycan arasında mövcud olan ənənəvi dostluq münasibətləri strateji tərəfdaşlıq əsasında gələcəkdə də durmadan inkişaf edəcək.
Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi diləyirəm.
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Azərbaycanın genişmiqyaslı nailiyyətləri Sizin dövlət lideri, uzaqgörən siyasi xadim və öz ölkəsinin həqiqi vətənpərvəri kimi bənzərsiz keyfiyyətlərinizi əyani şəkildə təsdiq edir. Sizin Belarus-Azərbaycan əməkdaşlığının inkişafına, o cümlədən mühüm müştərək layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirməyinizi yüksək qiymətləndirirəm. Bu, xalqlarımızın maraqlarına tamamilə uyğundur. Bununla əlaqədar, Sizi bir daha Belarus Respublikasına rəsmi səfərə dəvət edirəm.
Hörmətli İlham Heydər oğlu, Sizə ali dövləti fəaliyyətinizdə səmimi qəlbdən daim yeni uğurlar diləyir, Zati-alinizə, doğmalarınıza və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edir, Azərbaycan xalqına sevgimi və hörmətimi bildirirəm.
Ukraynanın Prezidenti Petro Poroşenko Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
Məktubda deyilir:
Zati-aliləri.
Ad gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Aramızda qurulmuş etibarı və qarşılıqlı anlayışı yüksək qiymətləndirirəm. Əminəm ki, fəal dövlətlərarası dialoq və birgə səylərimiz Ukraynanın və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün bərpa olunmasına yardım edəcək.
Qəti əminəm ki, dərin tarixi köklərə malik Azərbaycan-Ukrayna strateji tərəfdaşlıq əlaqələri gələcəkdə də həm ikitərəfli ölçüdə, həm də beynəlxalq strukturlar çərçivəsində fəal inkişaf edəcək.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, həyat enerjisi və dost Azərbaycan xalqının səadəti uğrunda dövlət başçısı vəzifəsində fəaliyyətinizdə yeni nailiyyətlər arzu edirəm.
.
