
Hüquq müdafiəçisi Leyla Yunus 6 gün Bakı İstintaq Təcridxanasının sanitariya hissəsində qaldıqdan sonra dünən yenidən adi kameraya köçürülüb.
Bu barədə "Turan"a vəkil Elçin Qəmbərov bildirib. Onun sözlərinə görə, L.Yunusa bildiriblər ki, o, artıq sağlamdır. Amma L.Yunus sanitariya hissəsində olduğu müddət ərzində səhhətində heç bir irəliləyiş olmayıb.
"Onun səmərəli və uzunmüddətli müalicəyə ehtiyacı var” - deyə vəkil bildirib.
Xatırladaq ki, L.Yunus alman həkim, professor Kristian Vittin müayinəsindən sonra sanitar hissəyə keçirilmişdi.
L.Yunus 8,5 il, onun əri Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.
Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunub.
Arif Yunusa isə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.
.