
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus barəsində cinayət işi üzrə təyin edilən hazırlıq iclası baş tutmayıb. Bizimyol.info xəbər verir ki, hazırlıq iclası iyulun 15 də keçiriləcək.
Leyla Yunusbarəsində ötən il iyulun 30-da Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 192.2.2-ci (külli miqdarda gəlir əldə etməklə Qanunsuz sahibkarlıq), 213.2.2-ci (külli miqdarda vergi ödəməkdən yayınma) 320.1-ci və 320.2-ci (saxta sənədlərdən hazırlama və istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb.
Arif Yunus isə ötən il avqustun 5-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, bir müddət əvvəl istintaq orqanı tərəfindən hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.
Leyla və Arif Yunuslar Amnesty İnternational tərəfindən "vicdan məhbusları” kimi tanınıblar.
.