Güclü sel qarşısına nə çıxıbsa hamısını yuyub aparıb.

Lerik rayonuna son on illiyin ən güclü yağıntısı düşüb. Məlumata görə, 3 saata qədər davam edn intensiv yağış dağ çaylarının məcradan çıxmasına və güclü daşqınlara səbəb olub.

Ani gələn sel suları əkin sahələrini məhv edib, xeyli sayda xırda və iri buynuzlu mal qaranı, ev quşlarını aparıb.

Lerik sakinləri: "Belə bir fəlakət heç görülməmişdi".
Seldən ən çox rayonun yuxarı dağlıq ərazilərində yaşayan sakinlər ziyan çəkib. Leriklilər son 10 illikdə belə güclü sellə üzləşmədiklərini deyirlər.

"200 kq kartof əkmişdim. Toyuq cücə dolu idi həyət bacada. Birdən-birə sel gəldi, hamısını yuyub apardı, - Lerik skini Azadə Hüseynova dedi.

"Mənim 55 yaşım var, indiyə qədər belə şey görməmişəm. Sel gəldi apardı hamısını. Mal- qara, qoyun-quzu nə gəldi qabağına qatıb apardı", - sakin Zaur Əfəndiyev bildirdi.

"Burada olan mal-heyvanı bütövlüklə sel yuyub apardı, kənddə nə qədər körpülər qoyulmuşdu, əkin yerlərini məhv edib. Belə bir fəlakət heç görülməmişdi", - Nüvədi kənd bələdiyyəsinin sədri Vüqar Hüseynov dedi.

Vizəzəmin ərazi vahidliyinə daxil olan Təbrizli kəndini rayon mərkəzi ilə birləşdirən dəmir konstruksiyalı avtomobil körpüsünü sel suları yuyub apardığından bu istiqamətdəki kəndlərin rayon mərkəzi və Lənkəran Lerik yolu ilə əlaqəsi kəsilib. Rayonun yuxarı dağ kəndlərində onlarla piyada və avtomobil körpüsü sel sularına davam gətirməyərək dağılıb.

Çayın məcrasına yaxın ərazidə yerləşən istirahət obyektlərinin demək olar ki, əksəriyyəti seldən ziyan çəkib. Körpülər dağılıb, kotecləri su aparıb.

Lerik rayon FHK-dan bildirildi ki, intensiv yağışların səbəb olduğu selin yaratdığı fəısadların miqyası və sakinlərə dəyən zərər aparılan araşdırmalardan sonra bəlli olacaq.

anspress
.