
Aprelin 20-də Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında Lənkəran rayonu N.Aslanov adına Ləj kənd tam orta ümumtəhsil məktəbinin 21 şagirdi iştirak edib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, həmin məktəbin 5 şagirdi isə imtahanda iştirak üçün tələb olunan arayışların imtahanın başlama saatından bir qədər gec imtahan rəhbərinə təqdim etdiklərinə görə, şagirdlər prosesdə iştirak edə bilməyiblər:
"Məktəblilərin may ayının 11-də keçirilməsi nəzərdə tutulan imtahanda iştirakı üçün DİM-in Lənkəran Regional Bölməsinə müraciət olunub".
Dövlət İmtahan Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, tələb olunan sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı imtahana buraxılmır:
"Yuxarıdakı məsələ ilə bağlı DİM-ə rəsmi müraciət olunduqdan sonra araşdırma aparılıb müvafiq qərar qəbul oluna bilər".
Qeyd edək ki, Lənkəran rayonu N.Aslanov adına Ləj kənd tam orta məktəbinin 9-cu sinif şagirdlərinin buraxılış imtahanına buraxılmaması barədə xəbərlər yayılıb.Şagirdlərin yaxınlarının bildirdiyinə görə, buna səbəb məktəb direktorunun məsuliyyətsizliyi olub. Qeyd olunub ki, imtahanda iştirak üçün tələb olunan arayışlar təhsil müəssisəsi tərəfindən şagirdlərə təqdim edilməyib.
.