Gecə saatlarında Lənkəranda eyni küçədə baş verən iki qəza şəhərə əsas kommunal xidmətləri hesab olunan elektrik enerjisi və təbii qazın verilməsində fasilələr yaratdı. İlk qəza Zərifə Əliyeva küçəsi ilə Nəriman Nərimanov küçəsinin kəsişməsində baş verib. Yenizaman.az ARB Cənub-a istinadən xəbər verir ki, "Niva” və "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan olmasa da "Niva” markalı avtomobilin işıq dirəyinə çırpılması nəticəsində 10 kilovoltluq elektrik xətləri qırılıb. Şəhər mərkəzini enerji ilə təmin edən 9-cu xətt üzərində yerləşən yaşayış binaları və fərdi evlərdə 1 saatdan çox işıqsız qalıb. Aparılan təmir işlərindən sonra enerjinin verilməsi bərpa olunub. İkinci qəza da Zərifə Əliyeva küçəsində baş verib. Burada isə qəzanı "Opel" markalı avtomobil törədib. Belə ki, yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirib və orta təzyiqli qaz borusuna çırpılaraq aşıb. Sürücü 27 yaşlı Yusif Həsənovun qəza nəticədə yüngül xəsarət alsa da qazpaylayıcı stansiyanın əsas boru kəməri sıradan çıxaraq ətrafa qaz sızdırmağa başlayıb. Yolda bir müddət avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Əraziyə təcili olaraq Fövqəladə Hallar Nazirliyi və Lənkəran Regional Qaz İstismar İdarəsinin əməkdaşları cəlb olunub. Sürücü ciddi xəsarət almasa da, bütövlükdə böyük bir ərazi qazsız qalıb. Şəhər ərazisinə qazın verilməsi isə ertəsi gün 12-30-da bərpa olunub.
