ABŞ iqtisadiyyatında iqtisadi artım azalır və bu, vitse-prezident Kamala Harris üçün çox pis xəbərdir. İqtisadiyyatda tənəzzül və hətta yavaşlama onun “prezidentlik” planlarına son qoya və müvafiq olaraq Donald Trampa kömək edə bilər.
Bu fikir “The Economist” nəşrindəki yazıda yer alıb.
Məqalə müəllifləri qeyd edirlər ki, ABŞ iqtisadiyyatı hələ tənəzzül dövrünə girməyib, lakin onun artımı səngiyib və bu, prezidentliyə namizəd Harrisə qarşı, deməli, Trampın xeyirinə olan məqamdır.
Co Baydenin Ağ Evi ölkədə iqtisadi bum ilə öyünə bilməz. “Amerikalı seçicilər bu uğursuzluğa görə Kamala Harrisi cəzalandıracaqlarmı?”, - “The Economist” sualla oxucularına müraciət edir.
Nəşrdə bildirilib ki, bir çox investorlar Amerika iqtisadiyyatının tezliklə tənəzzülə qərq olacağından qorxur. Bədbin proqnozlar üçün səbəblər isə çoxdur. Məsələn, işsizlik səviyyəsi ilə bağlı yaxınlarda açıqlanan məlumatları göstərmək olar. Xatırladaq ki, iyul ayında bu göstərici 4,3 %-ə çatıb və bu, 2021-ci ildən bəri ən yüksək səviyyə deməkdir. Məqalə müəlliflərinin vurğuladığı kimi, bu məlumatların açıqlanmasından sonra - avqustun 5-də bütün dünyada birjalar çöküb. Ertəsi gün bazarlar mövqelərini bir qədər bərpa etsələr də, bu vəziyyət ümumilikdə, təbii ki, heç kimdə nikbinlik yaratmayıb.
Məqalədə deyilir ki, iqtisadiyyatın yaxın üç aydakı “davranışı” ABŞ Demokratlar Partiyasının nümayəndələrinin noyabr seçkilərində uğur qazanmaq şanslarını müəyyən edəcək.
Eyni zamanda, müəlliflər iddia edirlər ki, açıq tənəzzül, güman ki, Harris üçün “ölüm hökmü” olacaq.
“Ancaq iqtisadiyyat yalnız yavaşlasa belə, bu amil Harrisə zərər verə, Trampa kömək edə bilər”, - müəlliflər fikirlərini yekunlaşdırıb.
.