“Şuşa – İƏT Gənclər Paytaxtı”nın bağlanış mərasimi keçirilib.

Bağlanış mərasimində Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, gənclər və idman naziri Fərid Qayıbov, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhan və digər rəsmilər çıxış ediblər.

Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov deyib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Qarabağ Universitetin inşası, tələbələrin burada təhsil alması dövlət başçısının gənclərə göstərdiyi qayğının nəticəsidir.

Gənclər və idman naziri Fərid Qayıbov çıxışı zamanı söyləyib ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada belə bir tədbirin keçirilməsi böyük qürurdur:

“Azərbaycan bu il ərzində bir sıra nüfuzlu beynəlxalq tədbirləri, o cümlədən, COP29 kimi mötəbər qlobal konfransı yüksək səviyyədə təşkil etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər bir sahəyə olduğu kimi, gənclərə də qayğısı yüksək səviyyədədir".

Nazir, həmçinin fəal iştiraka görə İslam ölkələrindən gələn gənclərə təşəkkürünü bildirib.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun prezidenti Taha Ayhan deyib ki, 2015-ci ildən bəri OİC Gənclər Paytaxtı proqramı, müsəlman dünyası üzrə gənc liderləri gücləndirən mühüm bir platformaya çevrilib:

“Bu il Şuşa bu irsi davam etdirərək gənclərimizə liderlik etməyə, innovasiya yaratmağa və cəmiyyətlərinə əhəmiyyətli töhfələr verməyə imkan yaratdı. Bu tarixi ili başa vurarkən, gəlin Şuşanın dərsləri və nailiyyətlərini gələcəyə daşıyaq. Onun irsi bizə daha güclü tərəfdaşlıqlar qurmaq və müsəlman dünyasında daha böyük birliyə nail olmaq üçün ilham versin".

Tədbirin rəsmi hissəsinin sonunda İƏT Gənclər Paytaxtının simvolik açarı Şuşalı gənclər tərəfindən Mərakeş rəsmilərinə təqdim edilib.

Xatırladaq ki, "İƏT Gənclər paytaxtı gənclər forumu" gələn il Mərakeşdə keçiriləcək.

.