Bu gün Milli Məclisin təşkilatçılığı ilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı növbəti ictimai dinləmə təşkil olunub.

Dinləmədə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc, parlamentdə təmsil olunan partiyaların nümayəndələri, deputatlar və QHT rəhbərləri iştirak edir.

Tədbirdə Sosial Tədqiqatlar Mərkəzinin bu sahədə apardığı tədqiqatların nəticələri açıqlanıb. Rəyi öyrənilənlərin 90,2 faizi hesab edir ki, partiyalara maliyyə yardımlarına Hesablama Palatası vasitəsi ilə dövlət nəzarəti təmin edilməlidir.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli müzakirələrin məqsədinin qanun layihəsinin təkmilləşdirilməsi olduğunu vurğulayıb.
Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc bildirib ki, müvafiq təkliflər də nəzərə alınmaqla yekunda “Siyasi partiyalar haqqında” yeni mükəmməl bir qanun qəbul olunacaq: “Bu qanun layihəsi ilə bağlı kəskin mövqedən çıxış edənlər də sonda bunu görəcəklər”.

Zahid Oruc ilkin ictimai dinləmə zamanı Gələcək Azərbaycan Partiya və Ağ Partiyaların partiya sədrlərinə toxunulmazlıq və diplomatik pasportların verilməsi təklif ilə çıxış etdiklərini xatırladıb: “Hətta bu təkliflər məqbul sayılsaydı belə, bu məsələ bu qanunun predmeti deyil”.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Hikmət Babaoğlu qeyd edib ki, siyasi sistemimizin məhəlliləşdirilməsinə yol vermək olmaz və qanun da bu məqsədə xidmət edir: “Tutaq ki, Yevlaxda kiminsə qohum-əqrəbasını başına yığıb partiya yaratması anormal hal olardı”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı qanun layihəsində partiyalar üçün üzv tələbinin min nəfərdən 10 min nəfərə çatdırılmasına normal yanaşdığını söyləyib: “Çünki kimsə min nəfər qohum-əqrəbasını yığıb bir partiya yarada bilər. Bu da anormal haldır”.
Vəhdət Partiyasının sədri Tahir Kərimli STM-in sorğusunda qadınların partiya sədri seçilməsi ilə bağlı məqama toxunub: “Guya kimsə qadını sədr seçəcəksə, biz bunun əleyhinə olacağıq? Seçilsinlər, kim nə deyir!”.

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə qanun layihəsinə yaradılan partiyaların sədrlərinin psixoloji yoxlamadan keçirilməsi barədə müddəanın daxil edilməsini təklif edib.

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədr hesab edir ki, Azərbaycanda iki partiya olsa, bəsdir: “ABŞ da çoxlu partiya var, ancaq seçkilərdə hakimiyyət uğrunda iki partiya mübarizə aparır. Azərbaycanda da əsas iki partiya olmasını istəyərdim. Digər partiyalar da təhsil, səhiyyə ilə məşğul olsunlar, birləşsinlər”.

Tədbir çıxışlarla davam edib.

.