Bu ilin ilk üç rübü ərzində Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağı üzrə fəaliyyətlərə təxminən 2 362 mln. ABŞ dolları həcmində vəsait xərclənilib.

Bu barədə Yenizaman BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin üçüncü rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, hesabat dövründə “Şahdəniz” üzrə fəaliyyətlərə təxminən 1 mlrd. 780 mln. dollar əməliyyat xərcləri və təxminən 582 milyon dollar əsaslı xərclər çəkilib. Bu xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aid olub.

Qeyd olunub ki, ilin ilk doqquz ayında yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 20 mlrd. standart kubmetr qaz və 3 mln. tondan çox (təqribən 26 mln. barel) kondensat hasil edilib. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 80,7 mln. (ildə təqribən 29,5 mln.) standart kubmetrdir.

Bildirilib ki, üçüncü rüb ərzində “Şahdəniz Alfa” platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.

“İstiqlal” və “Heydər Əliyev” qazma qurğuları “Şahdəniz 2” layihəsi çərçivəsində quyular üzrə işləri davam etdirib.

İstiqlal qazma qurğusu şərq-şimal cinahında SDH02 quyusu və qərb-şimal cinahında SDF02 quyusu üzərində işlər həyata keçirib. Heydər Əliyev qazma qurğusu qərb cinahında SDD05 quyusunun qazma işlərini davam etdirib.

Ümumilikdə “Şahdəniz 2” çərçivəsində 21 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir.

.