“QHT işi” üzrə ittiham olunanlardan biri, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri, iqtisadçı Qalib Bayramovun cinayət işi üzrə məhkəmə başlayıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.
Daha sonra təqsirləndirilən şəxsin vəkili Zibeydə Sadıqova məhkəməyə vəsatət verib. Vəkil məhkəmədən cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.

Dövlət ittihamçısı vəsatətin hazırkı mərhələsində baxılmamış saxlanılmasını istəyib. Məhkəmə vəsatəti baxılmamış saxlayıb.
İşin baxışa verilməsi ilə bağlı qərar qəbul edilib.

Proses 22 oktyabrda davam etdiriləcək.

Qeyd edək ki, Qalib Bayramova qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci ( Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə ), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Onun barəsində polis nəzarəti altına vermə qətimkanı seçilib.

.