“Qazaxıstanda yanvar ayının əvvəlində baş verən iğtişaşlardan sonra vəziyyət tam olaraq sabitləşib, asayiş bərpa olunub”.

Bunu ölkə Prezidenti Kasım-Jomart Tokayev Təhlükəsizlik Şurasının iclasında deyib.

Tokayev, həmçinin iclasda milli təhlükəsizliyin bütün aspektlərinin gücləndirilməsi üzrə dərhal konkret tədbirlərin həyata keçirilməsinə başlamaq barədə göstəriş verib. O qeyd edib ki, bütün dövlət orqanları baş verən hadisələrdən dərs çıxarmalıdır.

Bununla yanaşı, Tokayev təhlükəsizliyə cavabdeh olan bütün qurumların işini dəyişməli olduğunu vurğulayıb.

Xatırladaq ki, yanvar ayının əvvəlində Qazaxıstanda kütləvi iğtişaşlar baş verib. İğtişaş iştirakçıları polis əməkdaşlarına və hərbçilərə hücum edib. Kasım-Jomart Tokayev dövlət çevrilişinə cəhd olduğunu bəyan edib. Ölkədəki vəziyyəti yanvarın 7-si sabitləşdirmək mümkün olub. Yanvarın 19-u isə bütün ölkə üzrə tətbiq edilən fövqəladə vəziyyət rejimi başa çatıb. Ölkə rəhbərliyinin məlumatına görə, iğtişaşlar nəticəsində 225 nəfər həlak olub, 4500-dən çox insan isə xəsarət alıb.

.