Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Nizamnaməyə əsasən, “Qarabağ” Universiteti publik-hüquqi şəxs kimi Xankəndi şəhərində fəaliyyət göstərək

Bunu elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib.

Universitetin fəaliyyət istiqamətlərinə gəldikdə, yüksək ixtisaslı kadr hazırlığı həyata keçirəcək:

“Bu o deməkdir ki, ali təhsil müəssisəsi ali təhsilin bütün səviyyələri üzrə - bakalavr, magistratura, doktorantura səviyyələri üzrə - kadr hazırlığı həyata keçirəcək. Bundan əlavə, elmin müxtəlif sahələri üzrə elmi araşdırmalar, tədqiqatlar aparacaq”.

Nazir müavini deyib ki, Universitet eyni zamanda, orta ixtisas təhsil pilləsi üzrə tədris həyata keçirə biləcək:

“Bildiyiniz kimi, əlavə təhsil proqramları da var. Həmin proqramlar üzrə də Universitetdə tədris təşkil olunacaq. Təbii ki, bütün bu fəaliyyətlər mərhələli şəkildə olacaq. İlk mərhələdə Universitetdə bakalavr səviyyəsi üzrə tədrisin həyata keçirilməsi nəzərdə tutulub. 2024-2025-ci tədris ilində Universitetdə təxminən 1000 nəfərə yaxın tələbənin təhsil almasını düşünürük. Bunun böyük hissəsi I kurs tələbələri olacaq. Qəbul planında “Qarabağ” Universitetində müxtəlif ixtisaslar üzrə tələbə qəbulu nəzərdə tutulub. Birinci mərhələdə bakalavr səviyyəsində 5 istiqamət 20 ixtisas üzrə tədris təşkil ediləcək. Bunlar pedaqoji, iqtisadiyyat, mühəndislik, humanitar və sosial elmlər, incəsənət, turizmə aid olan ixtisaslardır. Növbəti mərhələlərdə bu ixtisasların sayı artırılacaq. Təxminən universitetdə 10 istiqamət üzrə ixtisasların olacağını nəzərdə tutmuşuq. Növbəti mərhələlərdə tələbələrin sayı da 10 mindən çox olacaq. Tələbələr birinci istiqamətdə dövlət sifarişi əsasında tədris alacaq, yəni bu ali təhsil müəssisəsində ödənişli təhsil olmayacaq. Tələbələr isə təqaüd və digər müvafiq proqramlarla əhatə olunacaqlar. Tələbələrin yataqxanada qalmaq imkanları da mövcud olacaq”.

.