Avrokubokların dünən keçirilən təsnifat mərhələsi oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb.

Siyahıda ümumilikdə 430 komanda yer alıb.

Çempionlar Liqasının I təsnifat mərhələsində 5, Avropa Liqasında isə ilkin mərhələnin 1 matçının nəticəsi cədvəldə bəzi dəyişikliklərə səbəb olub. Azərbaycanın ən yaxşı təmsilçisi “Qarabağ” reytinqdə irəliləyib.

“Sileks” üzərində 4:0 hesablı qələbə qazanan Ağdam Türkiyə təmsilçisi “Fənərbaxça” ilə yerini dəyişərək, onu geridə qoyub. Qurban Qurbanovun yetirmələrinin son 5 mövsümün nəticəsinə əsasən hesabı 20,000-a çatıb. Təmsilçimiz hazırda “Feyenoord” (Niderland) və “Styaua” (Rumıniya) ilə 64-66-cı yerləri bölüşür.

Həmçinin “Atletik”, “Qalatasaray”, “Everton”, “Bordo”, “Trabzonspor” və digər tanınmış klublar Azərbaycan çempionundan aşağı pillədə yer alıblar. 

Siyahıda təmsilçilərimizdən “Qəbələ” 177-187-ci yerləri bölüşürsə, “Neftçi” üçüncü “yüzlük”də qərarlaşıb. Bakı təmsilçisi 221-227-ci pillələrə şərikdir. Digər klublarımız isə “300-lük”dən kənarda qalıb.

Qeyd edək ki, reytinqə İspaniya “Barselona”sı başçılıq edir. “Bavariya” (Almaniya) və “Real” (İspaniya) 2-3-cü yerləri bölüşürlər. 

.