“Qarabağ” Azərbaycan çempionatlarında 1400-cü qolunu vurub.
Bu, Misli Premyer Liqasının XXV turuna təsadüf edib.
1992-ci ildən keçirilən çempionatın daimi iştirakçısı “Qəbələ” ilə səfər oyununa qədər 1398 dəfə fərqlənmişdi. Qəbələ şəhər stadionunda qonaqların vurduğu ikinci top 1400-cü kimi tarixə düşüb.
3:1 hesabı ilə qalib gələn “Qarabağ”ın yubiley qolunun müəllifi Musa Qurbanlı olub.
Ağdam klubu Azərbaycan çempionatlarında 1400 və ya daha çox qol vuran ikinci komanda olub. Bu göstəricidə yalnız “Neftçi”dən geri qalan “Qarabağ” 878-ci matçında yubileyə nail olub. Qol sayını 1401-ə çatdıran komandanın orta məhsuldarlığı 1,60-a bərabərdir.
Qeyd edək ki, “Qarabağ”ın ölkə çempionatlarındakı ilk qolunu 1992-ci il mayın 3-də Mehman Alışanov vurub. Sabirabad “İnşaatçı”sı ilə ev görüşündə fərqlənən futbolçu həm də yarışın tarixində ümumilikdə ilk qolun müəllifidir.
.