Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın müvafiq fəaliyyət istiqamətlərinə uyğun hazırlanmış Tədbirlər Planında Ekologiya və Təbii Sərvətlər Nazirliyi 16 tədbirin əsas, 25 tədbirin isə digər icraçı qurumu kimi müəyyən olunub.

Bunu ETSN-in şöbə müdiri Kənan Kərimli Xankəndi şəhərində keçirilən ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.

O bildirib ki, sözügedən tədbirlərdə əsas prioritet istiqamətlər işğaldan azad edilmiş ərazilərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətinin bərpası, xəritələrinin hazırlanması, yeni yaşıllıq sahələrinin salınması, yeraltı və yerüstü su mənbələrinin, mineral xammal ehtiyatlarının qiymətləndirilməsi, hidrometeoroloji müşahidə şəbəkəsinin bərpası, “Qarabağın təbii ehtiyatlar atlası”nın və Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə rəqəmsal tematik xəritələrin hazırlanması, meşə fondunun inventarlaşdırılması, “Azərbaycan‒Türkiyə Beynəlxalq Meşəçilik Təlim Mərkəzi”nin, “Ağıllı Tinglik Təsərrüfatı”nın və “Dostluq meşəsi”nin yaradılması, həmçinin, məhv edilmiş meşə sahələrinin bərpası və fauna növlərinin ərazilərə reintroduksiyası layihələrinin həyata keçirilməsidir.

"Tədbirlərin icrasına uyğun olaraq, Bəsitçay Dövlət Təbiət Qoruğunun və Daşaltı Dövlət Təbiət Yasaqlığının xəritəsi hazırlanıb və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunub.

Hazırda Arazboyu Dövlət Təbiət Yasaqlığının xəritə layihəsinin aidiyyəti dövlət qurumları ilə razılaşdırılması ilə bağlı işlər aparılır.

Yeni yaşıllıq sahələrinin salınması layihələri çərçivəsində Zəngilan rayonu ərazisində 55 ha, Ağdam rayonu ərazisində 11 ha və Cəbrayıl rayonu ərazisində 38 ha yeni yaşıllıq sahəsi salınıb. Hazırda Cəbrayıl və Füzuli rayonları ərazisində yeni yaşıllıq sahəsinin salınması ilə bağlı işlər davam etdirilir", - o qeyd edib.

.