“Maraqların toqquşması haqqında” qanun layihəsinin əsas prinsipləri açıqlanıb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə keçirilən birgə iclasda müzakirəyə çıxarılan “Maraqların toqquşması haqqında” qanun layihəsinin müzakirəzi zamanı bildirib ki, “Maraqların toqquşması haqqında” qanun layihəsi dövlət idarəçiliyində şəffaflığın təmin edilməsi, korrupsiya risklərinin azaldılması, vəzifəli şəxslərin məsuliyyətinin artırılması və cəmiyyətin dövlət institutlarına etimadının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Parlamentin komitə sədri deyib ki, maraqların toqquşması dövlət vəzifəsini həyata keçirən şəxsin şəxsi maraqları ilə üzərinə götürdüyü xidməti vəzifələr arasında ziddiyyət yarandıqda və ya belə bir ziddiyyətin yaranması ehtimalı olduqda meydana çıxır. Bu, ilk növbədə, şəxsi maraqların ictimai mənafeyə üstün gəlməsinin qarşısını almaq məsələsidir: “Təsəvvür edək ki, hər hansı vəzifəli şəxs dövlət satınalması, işə qəbul, vəzifəyə təyinat və ya maliyyə vəsaitlərinin bölüşdürülməsi ilə bağlı qərar qəbul edir. Əgər həmin qərarda onun özünün, yaxın qohumlarının və ya əlaqəli olduğu şəxslərin marağı varsa, obyektivlik və qərəzsizlik məsələsi ortaya çıxır. Belə hallarda əsas tələb şəxsin şəxsi maraqlarını gizlətməməsi, müvafiq qaydada açıqlaması və qərarların qanunvericiliyə uyğun, qərəzsiz qəbul edilməsinin təmin olunmasıdır. Maraqların toqquşması ilə korrupsiya eyni anlayışlar deyil. Maraqların toqquşması özlüyündə hər zaman cinayət demək deyil. Lakin onun düzgün idarə olunmaması korrupsiya üçün əlverişli şərait yarada bilər. Məhz buna görə də belə halların vaxtında müəyyən edilməsi və qarşısının alınması dövlət idarəçiliyinin mühüm elementlərindən biri olmalıdır. Bir neçə əsas istiqamətinə xüsusi diqqət yetirilməsini də vacib hesab edirəm. Birinci məsələ maraqların toqquşmasının əhatə dairəsi və anlayışların dəqiq müəyyən edilməsidir. Qanunda maraqların toqquşmasının hansı hallarda yarandığı, hansı şəxslərə şamil edildiyi və şəxsi maraqların hansı meyarlar əsasında qiymətləndiriləcəyi aydın göstərilməlidir. Normativ müddəalar elə ifadə olunmalıdır ki, onların tətbiqində qeyri-müəyyənlik yaranmasın, eyni zamanda qanunun əhatə dairəsindən yayınmaq üçün hüquqi boşluqlar qalmasın. Xüsusilə vəzifəli şəxslərin şəxsi, ailəvi, maliyyə və digər maraqlarının xidməti qərarlara təsir göstərə biləcəyi hallar nəzərə alınmalıdır. İkinci məsələ maraqların vaxtında bəyan edilməsi mexanizmidir. Qanunun effektivliyini müəyyən edən əsas amillərdən biri məhz budur. Vəzifəli şəxsin maraqların toqquşması ehtimalını müəyyən etdikdə hansı quruma, hansı müddətdə və hansı qaydada məlumat verməli olduğu qanunda aydın əksini tapmalıdır. Bununla yanaşı, məlumatların qeydiyyatı, yoxlanılması, məxfiliyi və onlarla bağlı qərarların qəbul edilməsi üçün konkret prosedurlar müəyyən olunmalıdır. Bu mexanizm formal xarakter daşımamalı, real nəticə verməlidir. Üçüncü məsələ maraqların toqquşmasının həlli yollarıdır. Maraqların toqquşması müəyyən edildikdə hansı tədbirlərin görüləcəyi dəqiq bilinməlidir. Əsas məqsəd hər hansı şəxsi əsassız şəkildə vəzifəsindən kənarlaşdırmaq deyil, qərarların obyektivliyini və ictimai mənafeyin qorunmasını təmin etməkdir. Dördüncü məsələ korrupsiya risklərinin azaldılması və nəzarət mexanizmləridir. Maraqların toqquşmasının qarşısının alınması korrupsiyaya qarşı mübarizə sisteminin mühüm tərkib hissəsidir. Beşinci məsələ məsuliyyət və hüquqların qorunması arasında düzgün tarazlığın yaradılmasıdır. Qanunun tələblərinin pozulmasına görə məsuliyyət mexanizmləri aydın və proporsional olmalıdır. Eyni zamanda, hər bir halın konkret şəraiti nəzərə alınmalı, qəsdən gizlətmə ilə bilmədən yaranmış və vaxtında açıqlanmış vəziyyətlər fərqləndirilməlidir. Heç bir şəxs yalnız şübhə və ya təsdiqlənməmiş məlumat əsasında təqsirli hesab edilməməlidir. Araşdırmalar obyektiv aparılmalı, şəxslərin hüquqları qorunmalı və qərarlar qanuni əsaslara söykənməlidir. Bu yanaşma həm qanunun aliliyinə, həm də onun tətbiqinə ictimai etimadın möhkəmlənməsinə xidmət edəcək. Dövlət vəzifəsi şəxsi maraqların təmin edilməsi vasitəsi deyil, cəmiyyətə xidmət məsuliyyətidir. Hər bir vəzifəli şəxs qərar qəbul edərkən şəxsi münasibətlərini və maraqlarını deyil, qanunu və ictimai mənafeyi əsas götürməlidir. Maraqların toqquşmasının qarşısının alınması haqqında qanunun əsas məqsədi də məhz bu prinsipi hüquqi və institusional mexanizmlərlə möhkəmləndirmək olmalıdır.
.
