Cənubi Qafqazda xarici siyasi amillərdən asılılığı gücləndirən geosiyasi hadisələr xüsusilə Gürcüstanın (BB/Mənfi) və Ermənistanın (BB-/Stabil) suveren kredit profillərinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Bu barədə Yenizaman "Fitch Ratings" beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir.

Regionun üç ölkəsindən yalnız Azərbaycan investisiya reytinqinə (BBB-/Stabil) malikdir.

“Fitch” qeyd edir ki, Azərbaycanın dayanıqlı xarici iqtisadi mövqeyi onun kredit reytinqini dəstəkləməkdə davam edir. Agentlik ölkənin fiskal siyasətinin suveren xarici aktivlərin qorunub saxlanmasına yönəldiləcəyini gözləyir ki, bu da makroiqtisadi disbalansın qarşısını alacaq və neftin qiymətinin dəyişkənliyini idarə etmək üçün kifayət qədər maliyyə buferini təmin edəcək.

Bununla belə, Azərbaycanın pul siyasəti analoji ölkələrlə müqayisədə zəif olaraq qalır. “Fitch” əsas məhdudiyyətlər arasında kifayət qədər inkişaf etməmiş kapital bazarını, izafi likvidliyi, aşağı səviyyəli maliyyə vasitəçiliyini və maliyyə sisteminin yüksək dollarlaşmasının qeyd edir.

Agentlik hesab edir ki, Gürcüstanda siyasi risklərin kəskin artaraq beynəlxalq ehtiyatların azalması ilə müşayiət olunması 2024-cü ilin dekabrında proqnozun “Stabil”dən “Neqativ”ə dəyişdirilməsinin səbəblərindən biri olub. Ermənistanda Qarabağı könüllü tərk etmiş 65 minə yaxın insanın inteqrasiyası və hərbi xərclərin artırılması fiskal siyasətin ekspansiyasına və dövlət borcunun artmasına səbəb olacaq. Milli valyutanın zəifləməsi xarici valyutada öhdəliklərin böyük paya malik olduğunu nəzərə alaraq, borc yükü üçün əlavə risklər yaradır.

Bu amillərə baxmayaraq, hər üç ölkənin bank sektorları dayanıqlı və gəlirli olaraq qalır.

"Azərbaycanda 2019-cu ildən bəri bankların maliyyə göstəriciləri dollarlaşmanın azalmasına və aktivlərin keyfiyyətinin yaxşılaşmasına müsbət təsir göstərib. Gürcüstanda siyasi gərginlik istehlakçıların inamına və yaxud bankların gəlirliliyinə ciddi təsir göstərməyib. Sektor dayanıqlı iqtisadi aktivlik, nisbətən yüksək faiz dərəcələri və aktivlərin keyfiyyətinin yaxşılaşmasından faydalanır. “Fitch” Ermənistanda bank sektorunun son üç il ərzində qeydə alınmış rekord artım tempinin qorunub saxlanılacağını proqnozlaşdırır", - hesabatda qeyd olunub. 

.