Çempionlar Liqasının təsnifat və qrup mərhələsində mübarizə aparacaq komandaların siyahısında dəyişikliklər olub.

Buna 2019/20 mövsümünün yarımfinal matçında “Bavariya”nın “Lion” üzərində (3:0) qələbəsi səbəb olub.

Finala adlayan “Bavariya” və PSJ ölkələrinin çempionu kimi 2020/21 mövsümündə bu turnirdə iştirak hüququ qazandığından, qrup mərhələsi üçün əlavə yer açılıb. Nəticədə pley-offda oynamalı olan Niderland təmsilçisi “Ayaks” yarışa qrupdan başlamalı olacaq. Yunanıstan və Çexiya çempionları “Olimpiakos”la “Slaviya” da III təsnifat mərhələsi əvəzinə pley-offda iştirak imkanı əldə edib.

Bütün bunlar isə Azərbaycan çempionu “Qarabağ”ın III təsnifat mərhələsində potensial rəqiblərinin dəyişməsi ilə nəticələnib. Avqustun 26-da Bakıda II raund çərçivəsində Moldova “Şerif”ini üstələyəcəyi təqdirdə ağdamlılar növbəti mərhələdə “Olimpiakos” və “Slaviya” kimi güclü komandalara rəqib olmaqdan qurtulacaq. Qurban Qurbanovun yetirmələrinin III mərhələdəki potensial rəqibləri “Seltik” (Şotlandiya), “Dinamo” (Zaqreb, Xorvatiya), “Lüdoqorets” (Bolqarıstan), “Yanq Boyz” (İsveçrə) və “Srvena Zvezda”dır (Serbiya).

Bu komandalar ÇL-də yoluna davam edərlərsə, “Qarabağ” avqustun 31-də baş tutacaq püşkatma mərasimində səpələnməmişlərdə yer alacaq. Lakin III raundun potensial iştirakçıları arasında ən reytinqli 6-cı komanda olan çempionumuz səpələnmişlərə də düşə bilər. Bunun üçün “Seltik”, “Dinamo”, “Lüdoqorets”, “Yanq Boyz” və “Srvena Zvezda”dan birinin II təsnifat mərhələsində rəqibinə məğlub olması kifayətdir. 

.