Almaniyanın “Bavariya” klubunun 6 futbolçusu baş məşqçi Tomas Tuxelin istefaya göndərilməsini istəyir.

Yenizaman-ın “Bild” nəşrinə istinadən məlumatına görə, Coşua Kimmix, Tomas Müller, Matteys De Liqt, Serj Qnabri, Leon Qoretska və Matis Tel almaniyalı mütəxəssisin rəhbərliyi altında oynamaq fikrində deyillər.

Kimmix hətta Tuxel qalacağı təqdirdə, komandadan ayrılmaq barədə düşünəcəyini bildirib.

Əvəzində Manuel Noyer, Rafael Gerreyro, Camal Musiala, Leroy Sane, Harri Keyn və Erik Dayer çalışdırıcının postunda saxlanılmasının tərəfdarıdırlar.

Qeyd edək ki, 50 yaşlı mütəxəssis 2023-cü ilin martından “Bavariya”ya rəhbərlik edir. Onun münhenlilərlə müqavilə müddəti 2025-ci ilin yayına qədərdir. “Bavariya” Almaniya Bundesliqasında 22 turdan sonra 50 xalla ikinci pillədə qərarlaşıb.

.