“Azərbaycanın xarici siyasətində prioritet olaraq qəbul edilən məqamlardan biri beynəlxalq münasibətlər sisteminin mühüm aktorlarından biri olan Avropa İttifaqı ilə qarşılıqlı əlaqələrdir. Qlobal güc mərkəzi olan Avropa İttifaqı Azərbaycanın ən vacib tərəfdaşlarından biridir. Belə ki, Azərbaycan Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramının fəal iştirakçılarından biri, Avropa İttifaqı isə Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir. Həm Azərbaycan, həm Aİ son illərdə münasibətlərin bütün səviyyələrdə inkişaf etdirilməsində maraqlı olduğunu nümayiş etdirir”. Bu fikirləri Yenizaman.az-a açıqlamasında deputat Anar Məmmədov deyib. A.Məmmədov bildirib ki, ötən gün Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyinin məqaləsində qurumun Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək əzmi, Azərbaycanın oynadığı rola və əhəmiyyətinə yüksək qiymət verilib. Bundan başqa Azərbaycanın inkişafı, postpandemiya dönəmi və digər məsələlərlə bağlı müsbət fikirlər səsləndirilib: “Bütün bunlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində keyfiyyət və mahiyyətcə yeni gündəliyə keçiddən xəbər verir: “Ümumilikdə isə Azərbaycanın istər dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında, istərsə də regionda və dünyada sülhün, əmin-amanlığın möhkəmləndirilməsində rolunun yüksək dəyərləndirilməsi ölkəmizə verilən önəmin, artan nüfuzunun təsdiqidir. Bütün bunlar onu göstərir ki, ölkəmiz dünya üçün bu gün çox vacibdir. Azərbaycan da sülhpərvər ölkə olaraq dünyada gedən bütün proseslərdə öz sözünü deməklə yanaşı, töhfəsini də verir”.
A.Məmmədov əlavə edib ki, bu gün Azərbaycan 44 günlük Vətən müharibəsindəki şanlı Qələbədən sonra regionda qüdrətli geoiqtisadi güc mərkəzlərindən birinə çevrilməkdədir: “Bölgədə yaranmış yeni iqtisadi və siyasi konfiqurasiya dünya ictimaiyyətinin, o cümlədən beynəlxalq iqtisadi təşkilatların diqqət mərkəzindədir. Bu, bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin qətiyyəti, əzmkarlığı və müdrik sərkərdəliyi ilə ərazi bütövlüyümüzün təmin edilməsi Azərbaycanın beynəlxalq arenadakı nüfuzunu qat-qat yüksəldib. Müqayisə üçün deyə bilərik ki, əvvəlki dövrlərdə Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" proqramına daxil olan ölkələrin maraqlarını nəzərə almağa həvəsli deyildi. Azərbaycanın müstəqil davranışları və xüsusən İkinci Qarabağ müharibəsindəki qələbəsi isə Brüsseli mövqeyinə yenidən baxmağa məcbur etdi və İkinci Qarabağ müharibəsindəki parlaq qələbə Avropa İttifaqını regiona münasibətini dəyişməyə sövq etdi. Brüssel yeni yaranmış geosiyasi mənzərəyə nüfuz etmək üçün daha fəal olmaq xəttini seçdi. Artıq rəsmi Brüssel strateji xarakterli və konkret məzmuna malik layihələrin həyata keçirilməsinə üstünlük verməlidir. O cümlədən Avropa İttifaqı 2015-ci ildə qonşuluq siyasətinə düzəlişlər etməklə, faktiki olaraq, Azərbaycanın təklif etdiyi istiqamətlər üzrə əməkdaşlıq xəttinə keçdi. Bununla Azərbaycan Rusiya ilə yanaşı, postsovet məkanında Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaş statusuna yüksəlmiş dövlət oldu. Bu vəziyyət "Şərq Tərəfdaşlığı"na daxil olan digər ölkələrin yürütdüyü siyasətə də təsir etdi. Onu da əlavə edə bilərik ki, Aİ həmçinin strateji kommunikasiyaların işə salınmasında yaxından iştirak etməlidir. Azərbaycan bu istiqamətdə konkret addımlar atdığından söhbət, faktiki olaraq, Avropa İttifaqının Azərbaycanı dəstəkləməsindən gedir”.

.