Prezident İlham Əliyev “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin ("Azərsığorta") Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında Sərəncam imzalayıb.

 Sərəncama əsasən, “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

Azərbaycan İnvestisiya Holdinqi beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin yekunlarının diaqnostikasının aparılmasını dörd ay müddətində təmin edib nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulan diaqnostika başa çatdıqdan sonra, onun nəticəsindən asılı olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim eməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Müəyyən edilib ki, bu Sərəncamın 2.1-ci və 2.2-ci bəndləri icra olunanadək “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin idarəetmə orqanları fəaliyyətini davam etdirsinlər.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

“Azərbaycan Beynəlxalq Bankı” İnvestisiya Holdinqinin idarəetməsinə verilib

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.

Fərmana əsasən, bankın nizamnamə kapitalında dövlətə məxsus səhmlərin imkan verdiyi dərəcədə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş məsələlərin həll edilməsində dövlətin adından iştiraketmə hüququ aşağıdakılara həvalə edilib:

Azərbaycan Respublikasının Prezidentinə:

- Bankın satılması, yenidən təşkili və ləğvi;

Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan İnvestisiya Holdinqinə:

- Bankın Müşahidə Şurasının üzvlərinin, o cümlədən onun rəhbərinin vəzifəyə seçilməsi və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

- Bankın icra orqanının rəhbərinin vəzifəyə seçilməsi, onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

- müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri kredit təşkilatının aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;

- Bankın nizamnamə kapitalının artırılması və azaldılması barədə qərar qəbul edilməsi, səhmlərinin buraxılması müddətlərinin və şərtlərinin müəyyənləşdirilməsi, habelə mühüm iştirak payının əldə edilməsinə razılıq verilməsi;

- Bankın kənar auditorun təsdiqlədiyi və Audit Komitəsinin tövsiyə etdiyi illik maliyyə hesabatlarının təsdiq edilməsi, habelə xalis mənfəət hesabına ehtiyatların yaradılması və dividendlərin ödənilməsi barədə qərar qəbul edilməsi;

- Bankın nizamnaməsinin təsdiq edilməsi və onun dəyişdirilməsi;

- Bankın törəmə təsərrüfat cəmiyyətlərinin yaradılması və fəaliyyətlərinə xitam verilməsi, başqa bankın satın alınması barədə qərarlar qəbul edilməsi;

- bu Fərmanın bəndləri nəzərə alınmaqla, Mülki Məcəlləsi, “Banklar haqqında” qanun və Bankın nizamnaməsi ilə ümumi yığıncağın səlahiyyətinə aid edilmiş digər məsələlərin həll edilməsi.

Müəyyən edilib ki:

- Bankın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası həyata keçirir;

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Azərbaycan İnvestisiya Holdinqi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

“Təmiz Şəhər” ASC Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib 

Prezident İlham Əliyev “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi, “Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

Cəmiyyətin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib.

Müşahidə Şurasının sədri

Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Müşahidə Şurasının üzvləri

Səməd Bəşirli – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müşaviri

Anar Novruzov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini.

Nazirlər Kabineti Cəmiyyətin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsindən irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan İnvestisiya Holdinqi Cəmiyyətin idarə olunmasına dair korporativ idarəetmə standartlarını, habelə onun idarəetmə orqanları üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini altı ay müddətində təsdiq eməli, beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə Cəmiyyətin hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin yekunlarının diaqnostikasının aparılmasını dörd ay müddətində təmin edib nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu Sərəncamın 4.2-ci bəndində nəzərdə tutulan diaqnostika başa çatdıqdan sonra, onun nəticəsindən asılı olaraq, Cəmiyyətin yeni nizamnaməsinin və strukturunun layihəsini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

“Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 8, maddə 750; 2010, № 7, maddə 610; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384; 2021, № 6 (I kitab), maddə 631) aşağıdakı dəyişikliklər edilməlidir.

1-ci hissəyə “Cəmiyyəti” sözündən sonra “(bundan sonra ‒ Cəmiyyət)” sözləri əlavə edilməlidir.

2-ci, 3-cü (hər iki halda) və 4-cü hissələrdə ismin müvafiq hallarında “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti” sözləri ismin müvafiq hallarında “Cəmiyyət” sözü ilə əvəz edilməlidir.

Cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilməlidir:

Azərbaycan Respublikasının Prezidentinə:

Cəmiyyətin yenidən təşkili və ləğvi;

Cəmiyyətin Müşahidə Şurasının üzvlərinin, o cümlədən onun rəhbərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqinə:

İcra orqanının üzvlərinin, o cümlədən onun rəhbərinin və müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

Cəmiyyətin dividend siyasətinin təsdiq edilməsi;

Cəmiyyətin qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi;

Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi.”;

Müəyyən edilib ki:

Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti sədr də daxil olmaqla 3 (üç) üzvdən ibarət Müşahidə Şurası həyata keçirir;

Cəmiyyətin Müşahidə Şurasının səlahiyyətləri aşağıdakılardır:

Cəmiyyətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;

Cəmiyyətin xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək;

Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına dair ümumi yığıncağa təkliflər vermək;

aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan və dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizədək hissəsini təşkil edən əqdləri təsdiq etmək;

mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, Cəmiyyətin aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına razılıq vermək;

Cəmiyyətin fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək;

Cəmiyyətin korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək;

Cəmiyyətin Audit Komitəsini və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

bu Sərəncamın 6-cı hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Cəmiyyətin nizamnaməsi və Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.”.
 

.