Ankarada Rusiyanın xarici işlər naziri Sergey Lavrova türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə mətbuat konfransında ukraynalı jurnalist sual verib.

Mətbuat konfransının bitməsi elan edilsə də, Lavrov ukraynalı jurnalistin sualını eşitməyə razılıq verib.

Ukrayna media mənsubunun “Rusiya Ukraynada oğurladığı taxıldan başqa, daha nəyi satmağa müvəffəq olub?” sualına Rusiya XİN başçısı belə cavab verib: “Siz hər zaman nəyi harada oğurlamağı fikirləşirsiniz. Düşünürsüz ki, hamı belə edir. Mən sizə cavab verirəm. Biz publik olaraq elan etdiyimiz məqsədlərimizi reallaşdırmaqla məşğuluq: Ukraynanın şərqini neonasit rejimin təzyiqindən xilas etmək... Biz bununla məşğuluq. O ki qaldı taxıla, biz bu gün izah etdik ki, taxıl təyin olunduğu nöqtəyə daşına bilər, Rusiya tərəfindən buna maneə yoxdur. Bunun üçün cənab Zelenski - əgər, o, nəyinsə üzərində komandanlıq edirsə - xarici və Ukrayna gəmilərinə Qara dənizə çıxmağa icazə versin”.

.