Rusiyanın xarici işlər naziri Sergey Lavrov Serbiya səfəri ətrafında yaranmış vəziyyəti ağlasığmaz adlandırıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, Lavrov bu gün keçirdiyi mətbuat konfransında Avropa ölkələrinin onun təyyarəsi üçün hava məkanını bağlamasına münasibət bildirib.

O, Avropa İttifaqı və NATO ölkələrinin Belqradı suveren siyasət yürütmək hüququndan məhrum etdiyini söyləyib.

Lavrov qeyd edib ki, son 24 saat ərzində bəzi NATO üzvləri tərəfindən qəbul edilən və Serbiyaya səfərin həyata keçirilməsinə mane olan görünməmiş qərarlara reaksiya ilə bağlı çoxlu suallar daxil olub: "Əlbəttə, ağlasığmaz hadisə baş verdi və mən sizin bu hədsiz hərəkətlərə verdiyimiz qiymətə göstərdiyiniz marağı başa düşürəm. Suveren dövlət xarici siyasət yeritmək hüququndan məhrum edilib. Serbiyanın Rusiya istiqamətində beynəlxalq fəaliyyəti əngəllənib".

.