“Rusiya regionda hərbi fəallığın artırılmasının əleyhinədir”.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla apardığı danışıqların yekunlarına dair birgə mətbuat konfransında iranlı jurnalistin Azərbaycanın Xəzər dənizində Türkiyə ilə birlikdə hərbi təlimlər keçirməsi və Azərbaycan-Türkiyə-Pakistan təlimləri ilə bağlı sualına cavabında bildirib.

S. Lavrov deyib ki, Azərbaycan tərəfinin də İranın Azərbaycan sərhədləri yaxınlığında hərbi təlimlər keçirməsi ilə bağlı narahatlığı var.

Rusiya XİN başçısı xatırladıb ki, Xəzərin hüquqi-statusu ilə bağlı Konvensiya Xəzər dənizində xarici dövlətlərin hərbi qüvvələrinin mövcudluğunu qadağan edir.

İranlı həmkarı ilə bugünkü görüşdə Konvensiyanın tezliklə qüvvəyə minməsinin vacibliyinin qeyd olunduğunu deyən S. Lavrov əlavə edib ki, Konvensiyanın qüvvəyə minməsi üçün İran sənədi ratifikasiya etməsi lazımdır: “Hazırda bu məsələyə İran parlamentində baxılır. Ümid edirəm ki, ratifikasiya haqqında qərar tezliklə qəbul ediləcək. O zaman Konvensiya Xəzər dənizində müvafiq rejimini təmin edəcək tam beynəlxalq hüquqi sənəd olacaq”.

Lavrov İranın “altılıq platforma”sına müsbət yanaşdığını bildirib

Bugünkü görüşdə “altılıq platforma”sının yaradılması təşəbbüsünü müzakirə etdik.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

S. Lavrov İran tərəfinin “altılıq platforma”sına müsbət yanaşdığını qeyd edib.

“Rusiya bir il bundan əvvəl Qarabağda müharibənin dayandırılmasında həlledici rol oynayıb. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli birgə bəyanatında nizamlanmanın gələcək addımları, regionda bütün nəqliyyat kommunikasiyalarının açılması və iqtisadi əlaqələrin bərpa olunması ilə bağlı işlər qeyd olunub. Bundan təkcə Ermənistan və Azərbaycan deyil, Cənubi Qafqaz ölkəsi kimi Gürcüstan, eyni zamanda, Cənubi Qafqaz respublikalarına yaxın qonşu kimi İran, Rusiya və Türkiyə də qazanır. Bu kontekstdə biz “altılıq platforması”nın yaradılması təşəbbüsünü müzakirə etdik. Üç Cənubi Qafqaz ölkəsi və üç böyük qonşu: Rusiya, İran və Türkiyə. İranlı dostlarımız bu təşəbbüsə müsbət yanaşır. Bu cür münasibəti biz Azərbaycan və Türkiyədən də görürük. Erməni həmkarlarımızla bu mövzuda işləyirik. Ümid edirik ki, Gürcüstan da yaşadığı bütün həyəcanlara və problemlərə baxmayaraq, bu cür məsləhətləşmələr mexanizminin yaradılmasında öz köklü maraqlarını görə biləcək və uzun müddət mövcud münaqişələrə görə inkişaf edə bilməyən regionun sürətli şəkildə inkişafı üçün qərarları razılaşdıra biləcək”, - Rusiya XİN rəhbəri vurğulayıb.

.