Lavrov: “Azərbaycanda rus dilinə qayğını yüksək qiymətləndiririk”

“Danışıqlarda ikitərəfli münasibətlərimizə baxdıq, regional və beynəlxalq problemlərlə bağlı fikir mübadiləsi apardıq. Yüksək səviyyədə əldə olunan razılıqların həyata keçirilməsindən məmnunluğumuzu bildirdik”.

Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

S. Lavrov qeyd edib ki, iki ölkə arasında iqtisadiyyat, humanitar sahədə əlaqələr inkişaf edir.

“Rusiya və Azərbaycanın parlamentləri səviyyəsində təmaslar mövcuddur. Rusiya Azərbaycanın aparıcı xarici ticarət tərəfdaşlarından biridir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 3 mlrd. dolları ötüb. Koronavirus pandemiyası olmasına baxmayaraq, 2020-ci ilin ilk aylarında ticarət dövriyyəsi azalmayıb, əksinə artım qeydə alınıb. İkitərəfli münasibətlərin dərinləşməsinə regionlararası, sərhədyanı mübadilələr öz töhfəsini verməkdədir”, - deyə Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiyanın onlarla regionu Azərbaycanla əməkdaşlıq edir: “Azərbaycanla Rusiya arasında keçirilən regionlararası forum yaxşı ənənəyə çevrilib. Növbəti Azərbaycan-Rusiya regionlararası forumu bu ilin sonunda Azərbaycanda keçiriləcək.

İki ölkənin xalqları arasında inamın möhkəmlənməsində və qarşılıqlı anlaşmada humanitar, mədəni əlaqələr mühüm rol oynayır. Ötən il Azərbaycanda Rusiya mədəniyyət günləri keçirildi. Bu il isə koronavirus pandemiyası ilə əlaqədar vəziyyətdən asılı olaraq, Rusiyada Azərbaycan mədəniyyət günlərinin keçirilməsi tarixini müəyyən edəcəyik. Əlbəttə ki, Azərbaycan xalqının və rəhbərliyinin rus dilinə qayğısını yüksək qiymətləndiririk”.

Lavrov: “Rusiya Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı səylərini bundan sonra da davam etdirəcək”

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ətraflı fikir mübadiləsi apardıq”. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

O, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bundan sonra da həm milli formatda, həm də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri çərçivəsində səylərini davam etdirəcəyini deyib.

“Biz ümumilikdə nizamlanma prosesinin davam etdirilməsinə köklənmişik. Bu mənada stabil və dayanıqlı danışıqlar prosesini təmin etmək üçün lazımı atmosfer yaratmaq lazımdır. Əlbəttə ki, danışıqlar danışıqlar xatirinə yox, sülh yolu ilə həll üçün məqsədyönlü olmalıdır”, - deyə Rusiyanın baş diplomatı bildirib. 
 

.