Ermənistandan keçərək Azərbaycanla Naxçıvanı birləşdirəcək marşrutun bərpasına alternativ yoxdur.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi illik mətbuat konfransında bildirib.

Lavrov bu marşrutun açılmasına nəyin maneə olmasını bilmədiyini söyləyib.

"Son günlər Azərbaycan və Ermənistan liderləri öz ictimai çıxışlarında Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin olunması məsələsinə toxunublar. Ermənistan Baş naziri Paşinyan çıxışında Zəngəzur dəhlizinin qətiyyətlə əleyhinə olduğunu bəyan edib. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatında qeyd olunub ki, regionda bütün kommunikasiyalar açılır və Ermənistan tərəfi Azərbaycanla Naxçıvan arasında kommunikasiyanın açılması öhdəliyini öz üzərinə götürüb və razılaşmaya görə həmin kommunikasiyanın təhlükəsizliyini Rusiya FTX-nin sərhəd qoşunları təmin etməlidir", - deyə Lavrov qeyd edib.

 

Rusiya XİN başçısı Paşinyanın Azərbaycandan Naxçıvana İranın təqdim etdiyi şərtlərlə marşrut təqdim etməyə razı olması ilə bağlı bəyanatına da münasibət bildirib. Qeyd edib ki, bu iki marşrutu müqayisə etmək məntiqsizdir.

Lavrov əlavə edib ki, Üçtərəfli İşçi Qrup 2023-cü ilin iyununda Ermənistanın Syunik vilayətindən keçməklə ilk olaraq dəmir yolu əlaqəsinin açılmasını razılaşdırmışdılar.

"Əldə olunan razılaşmalardan sonra imtina etmək bu gün nadir hal deyil. Bu marşrutun açılmasına nə mane olur, mən bilmirəm", deyə Rusiya XİN başçısı qeyd edib.

Lavrov Azərbaycanla Naxçıvanı əlaqələndirəcək dəhlizin açılmasın maneə olmaqda Ermənistanın qərbli dostlarını ittiham edib. Bununla belə o, bu marşrutun bərpasına alternativin olmadığını vurğulayıb.

.