Azərbaycanın Ermənistanla sülh müqaviləsi ilə bağlı təklifləri hüquqi sənəd üçün zəmin yaradacaq.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşünün yekunları ilə bağlı mətbuat konfransında deyib.
Lavrov bu gün ki danışıqlar zamanı sülh müqaviləsi mövzusuna toxunduqlarını söyləyərək bildirib ki, tərəflərin mövqelərinin yaxınlaşması üçün hər şey edilməlidir. Rusiya XİN başçısı Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflərinin hüquqi sənəd üçün zəmin yaradacağını qeyd edib.
Lavrov vurğulayıb ki, Rusiya sülhməramlıları Qarabağdakı filiz yataqları ilə bağlı yaranmış vəziyyətin nizamlanması və fikir ayrılıqlarının aradan qaldırılması üçün mütəmadi olaraq çalışır.
O, ölkəsinin davamlı və ədalətli sülhün bərqərar olmasında maraqlı olduğunu da söyləyib.
Rusiyanın baş diplomatı əlavə edib ki, bugünkü danışıqlarda bütün üçtərəfli bəyanatların icra vəziyyəti təhlil edilib, nəqliyyat kommunikasiyalarının açılması və iqtisadi əlaqələrin bərpası məsələsi müzakirə olunub.
.
