Bu gün Bakı Apelyasiya Məhkəməsində məhbus Lamiyə Quliyeva barədəki cinayət işi üzrə Baş Prokurorluğun verdiyi protest əsasında məhkəmə prosesi davam etdirilib.
Hakim Qədim Babayevin sədrlik etdiyi prosesdə protest təmin edib və Lamiyə Quliyeva məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Baş Prokurorluq Lamiyə Quliyevanın barəsində olan cinayət işi ilə bağlı protesti fevralın 4-də vermişdi.
Xətai Rayon Məhkəməsinin hakimi Habil Məmmədov tərəfindən protestin baxılma müddətinin bərpa olunması və protestə baxılması barədə qərar qəbul olunmuş, bundan sonra isə iş Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdi.
1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən təqsirləndirilən L.Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilirlər. Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. 2010-cu ildə isə L. Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.
Hazırda Vüqar Əliyev Qobustan həbsxanasında cəza çəkir.
Onu da yada salaq ki, prokurorluğun verdiyi protest 317-ci maddə ilə bağlıdır. L.Quliyeva ötən il oktyabrın 16-da həbsxanada ana olub və bu olay böyük ictimai rezonons doğurub.

.